Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bakıda Rus Kitab Evinin 10 illik yubileyi qeyd olunub  YENİLƏNİB 2

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Rus Kitab Evinin 10 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri açan “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondunun prezidenti Valeri Tursunov Rusiya ilə Azərbaycan arasında yüksək səviyyədə münasibətlərin inkişafında iki dövlətin liderlərinin mühüm rolunu vurğulayıb.
Mərasimdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib.
Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyinin əlamətdar hadisə olduğunu vurğulayan Prezidentin köməkçisi dedi ki, bu, postsovet məkanında Rusiya və xarici ölkə yazıçılarının müxtəlif janrlarda rus dilində nəşr olunmuş kitablarının təqdim edildiyi ilk ixtisaslaşdırılmış mağazadır. Fəaliyyətdə olduğu illər ərzində bu mağaza həm oxucuların sevimli yeri, həm də millətlərarası həmrəyliyin möhkəmlənməsi və Azərbaycan ilə Rusiyanın mədəni-humanitar əlaqələrinin dərinləşməsi üçün əlverişli məkan olub.
Son iki əsr ərzində olduğu kimi, ölkələrimizin və xalqlarımızın bu gün də dostluq və mehriban qonşuluq ənənələrini davam etdirdiyini vurğulayan Əli Həsənov bildirdi ki, dərin köklərə malik olan bu ənənələr hüquq bərabərliyi və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur. Ən əsası odur ki, dövlət müstəqilliyi bərpa ediləndən sonra biz tarixən yaranmış ənənələri qoruyub saxlamağa və artırmağa, onları keyfiyyətcə yeni səviyyəyə çatdırmağa nail olmuşuq. Şübhəsiz, bunda həm strateji əməkdaşlığın təməlini qoymuş ümummilli lider Heydər Əliyevin, həm də dövlətlərimizin indiki rəhbərləri cənab İlham Əliyevin və cənab Vladimir Putinin çox böyük xidmətləri olub.
İndiki mərhələdə Azərbaycan-Rusiya münasibətlərinin daha da möhkəmləndiyini qeyd edən Prezidentin köməkçisi dedi ki, bu əlaqələr siyasi və ticari-iqtisadi sahələrdən enerji və humanitar sahələrə qədər demək olar ki, bütün sferaları əhatə edir. Dövlət başçılarının mütəmadi qarşılıqlı səfərləri və beynəlxalq forumlar çərçivəsində görüşləri ikitərəfli faydalı və konstruktiv tərəfdaşlığın gələcək inkişafına təkan verir.
Azərbaycanın postsovet məkanında rus dilinə böyük hörmət bəslənən azsaylı ölkələrdən biri olduğunu diqqətə çatdıran Əli Həsənov dedi: “Hələ çar Rusiyası dövründə və sovet hakimiyyəti dönəmində Azərbaycan dünyaya pəncərə, həm rus, həm də dünya mədəniyyəti, ədəbiyyatı və elmi ilə ünsiyyət vasitəsi olub. Yeri gəlmişkən, yüz il bundan əvvəl Azərbaycanda ilk ali məktəbin – Bakı Dövlət Universitetinin açılması Rusiyanın aparıcı alimlərinin cəlb edilməsi sayəsində mümkün olub. Bu alimlər arasında rektor vəzifəsinə dəvət edilmiş professor Vasili Razumovski də vardı. Məlum olduğu kimi, başlanğıc mərhələdə universitetdə tədris yalnız rus dilində aparılırdı. Sovet dövründə isə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə istedadlı Azərbaycan gəncləri təhsil almaq üçün Rusiyanın aparıcı ali məktəblərinə göndərilirdi. Yadımdadır, Heydər Əliyev tələbələri təhsil almağa yola salarkən onlara rus dilini mükəmməl öyrənməyi tövsiyə edirdi. Rus dili müxtəlif ədəbiyyata yol açır, dünyagörüşünü və bilikləri zənginləşdirirdi. Sevindirici haldır ki, ən müxtəlif istiqamətlərə aid ixtisaslara yiyələnmiş kadrlar respublikaya qayıdandan sonra Azərbaycanın inkişafına öz töhfələrini veriblər. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra da rus dili özünün millətlərarası dil mövqeyini itirməyib, ona əvvəlki kimi ehtiyac var. Buna parlaq sübut kimi bir faktı göstərmək olar ki, respublikamızın 300-dən çox ümumtəhsil məktəbində tədris rus dilində aparılır. Yeri gəlmişkən, son illərdə tədrisin rus dilində aparıldığı siniflərə tələbat artır. Demək olar ki, bütün dövlət ali məktəblərində və özəl ali məktəblərin bəzilərində təhsil fəaliyyəti paralel olaraq Azərbaycan və rus dillərində aparılır. Əhalinin əksəriyyəti rus dilini sərbəst bilir, böyüməkdə olan nəsil bu dili öyrənməyə ciddi maraq göstərir”.
Bakının xəritəsində Puşkinin, Lermontovun, Tolstoyun adlarını daşıyan küçələrin olduğunu söyləyən Prezidentin köməkçisi bildirdi ki, Yesenin və Lermontov muzeylərində bu şairlərin ölkəmizdə olması ilə bağlı xatirələr qorunub saxlanılır. “Puşkin mövzusu”nun davamı kimi qeyd etmək istərdim ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan paytaxtındakı mərkəzi bağların birində böyük rus şairi Aleksandr Puşkinə heykəl ucaldılıb. Ölkəmizdə Slavyan Universiteti və Səməd Vurğun adına Rus Dram Teatrı fəaliyyət göstərir, teatrlarımızın çoxunda rusdilli truppa var. Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi və rusdilli yazıçıların “Luç” Assosiasiyası fəaliyyət göstərir. Rusiyanın iki aparıcı ali məktəbinin – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılıb.
Bundan əlavə, rus dilində qəzetlər və jurnallar, dərsliklər və bədii ədəbiyyat nəşr olunur, televiziya və radio kanallarında verilişlər translyasiya edilir, Rusiyanın çoxsaylı dövri mətbu nəşrləri satılır.
Əli Həsənov xüsusi vurğulayıb ki, Cənubi Qafqazda etnik rusların ən böyük icması Azərbaycanda yaşayır. Onlar öz ana dilini, mədəniyyətini və milli ənənələrini qoruyub saxlayıblar. Onlar cəmiyyətin ictimai-siyasi, elmi-mədəni və sosial-iqtisadi həyatında geniş təmsil olunurlar, dövlətçiliyimizin möhkəmlənməsində fəal iştirak edirlər. Şübhəsiz ki, bütün yuxarıda deyilənlər hər iki ölkənin və xalqlarımızın qarşılıqlı maraqlarına cavab verən hərtərəfli əməkdaşlığın inkişafına və dərinləşməsinə dəlalət edir.
Çıxışının sonunda Azərbaycan Prezidenti İlham Əliyevin “Ölkələrimiz arasında tamdəyərli tərəfdaşlıq, dostluq, mehriban qonşuluq münasibətləri var. Mehriban dostlar və qonşular arasında münasibətlər belə də olmalıdır” sözlərini xatırladan Əli Həsənov deyib: “Əminəm ki, bu tədbir humanitar əməkdaşlığımızın daha da möhkəmlənməsinə öz töhfəsini verəcək və bizi daha da yaxınlaşdıracaq. Rus Kitab Evinə uğurlu fəaliyyət və çoxlu sədaqətli alıcı, bütün kollektivə möhkəm cansağlığı və işlərində yeni nailiyyətlər arzu edirəm”.
Tədbirdə çıxış edən Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov xatırladıb ki, “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondu 10 il əvvəl Azərbaycanda dostları ilə birgə bu əlamətdar humanitar layihəni reallaşdırmağa nail olub. “Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi olmasa idi, eləcə də Bakı sakinlərinin rus dili və mədəniyyətinə isti münasibəti olmasa idi, bu ideya həyata keçirilə bilməzdi. Bu gün Rus Kitab Evi təkcə rus dilində ədəbiyyat yayan məkan deyil, həm də Rusiya və Azərbaycanın, eləcə də rus dilini sevən və bu dildə danışan ölkələrin görkəmli yazıçılarının, tarixçilərinin, elm və təhsil nümayəndələrinin görüşdükləri məkana çevrilib. Ötən 10 il ərzində bu məkanda çoxsaylı tədbirlər keçirilib. Əminəm ki, Rus Kitab Evinin fəaliyyəti iki dövlətin müvafiq strukturlarının dəstəyi sayəsində davam edəcək”, - deyən Vladimir Çernov Rus Kitab Evinin 10 illiyi münasibətilə Rusiyanın məşhur nəşriyyatları və universitetlərinin bu məkana böyük miqdarda nüsxə kitablar hədiyyə etdiklərini diqqətə çatdırıb. Yubileyin A.S.Puşkinin anadan olmasının 220 illiyi ilə eyni vaxta düşdüyünü deyən Vladimir Çernov böyük rus şairinə Azərbaycanda verilən yüksək dəyəri qeyd edib, vaxtilə abidəsinin Bakıda açılışını və həmin tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çıxışını xatırladıb.
Tədbirdə “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərova Rusiya Federasiyasının dövlət mükafatı olan “A.S.Puşkin” medalı, “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondunun Azərbaycan filialının icraçı direktoru Rauf Həsənova isə Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin təşəkkürnaməsi təqdim edilib.
Daha sonra çıxış edən Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası işləri üzrə və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov Azərbaycanda rus dili və ədəbiyyatına göstərilən yüksək münasibətdən, iki dövlət arasında dostluqdan, bu dostluğun, o cümlədən parlament səviyyəsində inkişafından, davamlı olaraq birgə tədbirlər keçirilməsindən danışıb, iki dövlətin liderlərinin bu işə xüsusi töhfə verdiyini bildirib.
Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycanda cəmiyyətin bu dilə tələbatının yüksək səviyyədə təmin olunduğunu deyib. Bakının müxtəlif yerlərində açılan kitab evlərində də rus dilində kitab bölmələri olduğunu qeyd edən Mixail Zabelin VI Bakı Beynəlxalq Kitab Yarmarkasında Rusiyanın bir çox nəşriyyatlarının iştirak etdiyini xatırladıb. “Bu gün Azərbaycanda 120 mindən çox təkcə rus əhalisi yaşayır. Mən hələ digər millətlərin nümayəndələrini demirəm. Azərbaycan nəinki Qafqazda, bütün Avropaya örnək olan multikulturalizm mərkəzinə çevrilib”, - deyə Mixail Zabelin vurğulayıb.
Mərasimdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Rus Kitab Evinin fəaliyyətinə göstərilən dəstəyə görə iki dövlətin müvafiq strukturlarına təşəkkürünü bildirib. Rusiya-Azərbaycan münasibətlərindən söz açan səfir son günlər Azərbaycanda həyata keçirilən birgə mədəni tədbirlər fonunda Rus Kitab Evinin 10 illik yubiley tədbirinin xüsusi yeri olduğunu vurğulayıb. O, yaşadığımız rəqəmsal dövrdə kitaba önəm verilməsini yüksək qiymətləndirib.
Rusiya yazıçısı, publisist Yuri Polyakov Rusiya Kitab Evinin bir mədəniyyət məbədi olduğunu vurğulayıb, müasir dövrdə mütaliənin əhəmiyyətindən danışıb.
Azərbaycanın Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi, Azərbaycan PEN-klubun prezidenti Çingiz Abdullayev Bakıda Rus Kitab Evinin fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycanda cəmiyyətin inkişafında rus dili və ədəbiyyatının rolunu, habelə rus dili və digər dilləri bilməyin önəmini, mütaliənin vacibliyini qeyd edib.
Moskvadakı A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoru Marqarita Rusetskaya rəhbərlik etdiyi tədris müəssisəsi ilə Azərbaycanın bir çox tədris ocaqları arasında onilliklər boyunca davam edən dostluq, peşəkar münasibətlərdən danışıb, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti ilə əlaqələri vurğulayıb. Rus Kitab Evinin həm də rus dilində danışan, düşünən, oxuyan hər kəsi cəlb edəcəyinə ümidvar olduğunu deyib.
“Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov, “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondunun Azərbaycan filialının icraçı direktoru Rauf Həsənov Rus Kitab Evinin fəaliyyətinin önəmindən danışıb, təltif edildiklərinə görə təşəkkürlərini bildiriblər.
Qeyd olunub ki, respublikamızın 350-dən çox ümumtəhsil məktəbində tədris rus dilində aparılır. Ölkəmizin paytaxtında Rusiyanın iki aparıcı ali məktəbinin – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılıb. Bakıda Puşkinin, Lermontovun, Tolstoyun adlarını daşıyan küçələr, Yesenin və Lermontov muzeyləri fəaliyyət göstərir.
Sonda Rus Kitab Evinə rus dilində ədəbiyyat hədiyyə olunub.

Elm və təhsil 2019-10-10 13:18:00