Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Budapeşt: Miqrantların yenidən paylanması problemin həll yolu deyil

Budapeşt, 10 oktyabr, AZƏRTAC
Avropada miqrasiya böhranı miqrantların bütün qitə üzrə yenidən paylanması yolu ilə həll edilə bilməz.
AZƏRTAC xəbər verir ki, Macarıstanın Daxili İşlər naziri Şandor Pinter bu fikri M1 telekanalının efirində söyləyib. Onun sözlərinə görə, bu gün əsas məsələ Avropanın öz sərhədlərini qoruya bilməsidir. Nazir deyib ki, Macarıstan sərhədlərin qorunması məqsədinə nail olub və bütün real qaçqınları qəbul edib. Lakin sözün həqiqi mənasında qaçqın olmayan şəxslərə “Avropa İttifaqında yer yoxdur”.
Pinter ayrı-ayrı ölkələr üçün kvota planı məsələsinə də toxunaraq deyib ki, bəzi ölkələr qaçqınları qəbul etmək öhdəliklərini yerinə yetirməyiblər, hərçənd onların bu öhdəliyi hələ 2015-ci ildə Avropa İttifaqının ədliyyə və daxili işlər məsələləri üzrə Şurası tərəfindən razılaşdırılmışdı. Onun sözlərinə görə, Aİ üzvü olan dövlətlər paylaşdırılmalı olan 120.000 miqrantın yalnız 29 faizini qəbul ediblər, Macarıstan isə bu sxemi ümumiyyətlə qəbul etməyib. Şandor Pinter çıxışının sonunda deyib: “Ona görə də bizim ünvanımıza səslənən tənqid əsasızdır”.


Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2019-10-10 13:04:00