Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Polşa vətəndaşının adı Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısından çıxarılıb

Bakı, 10 oktyabr, AZƏRTAC

Polşa Respublikasının vətəndaşı, “Glob-Press” agentliyinin baş redaktoru Vlodimej Kjijanovski Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Məktubunda Vlodimej Kjijanovski Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyə, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir. O, işğal edilmiş ərazilərə sözügedən səfəri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadığını bildirir.
Həmçinin müraciətində o, səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu və gələcəkdə bu cür qanunsuz səfərdən çəkinəcəyini qeyd edir.
Polşa vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Siyasət 2019-10-10 13:06:00