Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İçərişəhərdə “Türk dünyasının cənnət bağları” adlı sərgi açılıb

Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da İçərişəhərdə tanınmış rəssam Cəmilə Haşımovanın əsərlərindən ibarət “Türk dünyasının cənnət bağları” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək sərgi haqqında məlumat verib. Bildirib ki, sərgini Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Naxçıvan Müqaviləsi”nin 10 illiyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşünə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində təşkil edib.
Qeyd edib ki, “Türk dünyası həftəsi” çərçivəsində həyata keçiriləcək tədbirlərin başlıca məqsədi fondun prioritetlərindən olan türk ölkələrində müasir cəmiyyətin formalaşmasında müstəsna rol oynamış türk xalqlarının zəngin mədəniyyət xəzinəsi, tarixi, adət-ənənəsinin qorunması, təbliği və dünyaya tanıdılmasıdır.
“Türk dünyası hər zaman öz qədimliyi, zənginliyi, rəngarəngliyi ilə seçilir. Bu gün Cəmilə xanımın əsərlərində də bu rəngarəngliyi görürük. Rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində - İtaliya, Fransa, Rusiya, Bolqarıstanda sərgilənərək böyük marağa səbəb olub”, - deyə G.Əfəndiyeva vurğulayıb.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov rəssamın əsərlərinin sənətkarlıq xüsusiyyətlərindən danışıb. Söyləyib ki, sərgidə C.Haşımovanın müxtəlif mövzularda 50-yə yaxın əsəri nümayiş olunur. Sərgilənən rəsm nümunələri müəllifin bədii dünyasının təzahürüdür.
Əməkdar incəsənət xadimi Kübra Əliyeva rəssamın əsərlərinin özünəməxsusluğu ilə diqqət çəkdiyini nəzərə çatdırıb. Bildirilib ki, rəssamın işləri məna-məzmun tutumuna görə fərqlidir. Sərgilənən əsərlərin sənətsevərlər tərəfindən maraqla qarşılanacağını vurğulayan natiq, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Mədəniyyət 2019-10-09 20:36:00