Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Estoniyanın Daxili İşlər naziri ölkəsinin miqrant qəbul etməyəcəyini açıqlayıb

Tallinn, 9 oktyabr, AZƏRTAC 

Estoniyanın Daxili İşlər naziri Mart Xelme ölkəsinin Avropa İttifaqının miqrant kvotasına dair qərarı ilə razılaşmadığını bildirib.
AZƏRTAC xəbər verir ki, nazir Lüksemburqda keçirilən görüşdən sonra jurnalistlərə açıqlamasında ölkəsinin Ukraynadan gələn miqrantlarla bağlı kifayət qədər problem yaşadığını, adət-ənənəsi fərqli olan xalqların nümayəndələrini qəbul etməyə hazır olmadığını deyib: “Estoniya miqrantların qəbulu barədə verilən qərarlarla razı deyil. Biz miqrantları qəbul etməyəcəyik. Lakin buna baxmayaraq, verilmiş qərara hörmətlə yanaşaraq sığınacaq axtaranlara texniki yardım göstərməyə hazırıq. Ancaq Estoniya Afrikadan və ya Yaxın Şərqdən gələn bir nəfəri də qəbul etməyəcək”.
Ölkəsinin Ukraynadan gələn qanunsuz miqrantlarla problemlər yaşadığını deyən nazir qeyd edib ki, ukraynalılar Estoniyanın rusdilli əhalisinə inteqrasiya edir. Bu isə gələcəkdə eston mədəniyyətinə və dilinə ciddi zərbə deməkdir. Eston xalqı demoqrafik problemlə qarşılaşacaq, bu da ciddi narahatlıq doğurur.
Mart Xelme bildirib: “Nə qədər ki hökumətdə hakim partiya EKRE-dir, bizim ölkəmiz Yaxın Şərq, Latın Amerikası, Afrika kimi üçüncü ölkələrdən bir nəfər də qəbul etməyəcək!”.


Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn

Dünya 2019-10-09 19:32:00