Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Əqli Mülkiyyət Agentliyi folklorun qorunmasına dair beynəlxalq hüquqi aktın qəbul edilməsinə dəstək verir

Bakı, 9 oktyabr, AZƏRTAC 

Cenevrədə keçirilən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərin Assambleyasının 59-cu sessiyası çərçivəsində Əqli mülkiyyət, genetik resurslar, ənənəvi biliklər və folklor üzrə Hökumətlərarası Komitənin hesabatı dinlənilib.
Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, həmçinin bu komitənin mandatının 2019-2021-ci illər üçün uzadılması məsələsi müzakirə edilib.
Tədbirdə iştirak edən Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyətinin üzvü Gəray Dadaşov bildirib ki, Azərbaycan tərəfi Hökumətlərarası Komitənin mandatının uzadılması təklifini dəstəkləyir. O deyib: “Azərbaycan Assambleyada dinlənilən çıxışlarda ənənəvi mədəniyyət ifadələrinin (folklorun), ənənəvi biliklərin və genetik resursların qorunması ilə bağlı ifadə edilən narahatlıqları bölüşür və bununla əlaqədar Hökumətlərarası Komitənin mandatının növbəti iki il müddətinə uzadılması təklifini dəstəkləyir. Biz ümid edirik ki, siyasi iradə, qeyri-trivial yanaşmalar və konstruktivlik ruhu bu komitənin sessiyalarında tərəflər üzərinə öhdəliklər qoyan hüquqi aktlar layihələrinin hazırlanması və müvafiq diplomatik konfransda qəbul edilməsi ilə nəticələnəcək”.
Müzakirələrdən sonra Assambleyanın səsverməsi nəticəsində Hökumətlərarası Komitənin mandatının uzadılması qəbul edilib. Komitənin sessiyalarında aşağıdakı hüquqi sənəd layihələrinin razılaşdırılması məsələsi durur:
-Ənənəvi biliklərin qorunması: maddələrin layihələri,
-Ənənəvi mədəniyyət ifadələrinin qorunması: maddələrin layihələri,
-Əqli mülkiyyət, genetik resurslar və genetik resurslarla əlaqəli ənənəvi biliklər sahəsində beynəlxalq hüquqi sənədin layihəsi.
Zəngin ənənəvi bilik və ənənəvi mədəniyyət ifadələrinin (folklorun) xalqımızın mədəni irsinin incilərindən olduğunu nəzərə alsaq, bu sənədlərin qəbul edilməsi onların beynəlxalq səviyyədə daha etibarlı qorunmasına dəstək ola bilərdi.
Xatırladaq ki, 2003-cü ildə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. ÜƏMT ölkələri arasında sahə üzrə ilk milli qanun olan bu sənəd Azərbaycanın mədəni irsinin tərkib hissəsi olan milli folklor nümunələrinin əqli mülkiyyətin xüsusi növü kimi hüquqi qorunması, istifadəsi və müdafiəsinin təminatı ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Elm və təhsil 2019-10-09 19:23:00