Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Lənkəranda “Milli maraqların müdafiəsində sosial şəbəkələrin rolunun artırılması” mövzusunda müzakirələr aparılıb

Lənkəran, 9 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran şəhərindəki Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən reallaşdırılan “Milli maraqların müdafiəsində sosial şəbəkələrin rolunun artırılması” layihəsi çərçivəsində seminar keçirilib.
Layihənin keçirilməsində məqsəd milli maraqların müdafiəsini ictimaiyyət arasında təbliğ etmək, gənclərin zərərli ideologiyaların və radikal, ekstremist cərəyanların təsiri altına düşməkdən qorunmasına dəstək olmaq və Azərbaycan həqiqətlərinin sosial media vasitəsi ilə beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarda çıxış edən Lənkəran Şəhər Gənclər və İdman idarəsinin rəisi Yalçın Əhmədov dövlət gənclər siyasətinin Lənkəran rayonunda da uğurla həyata keçirildiyini bildirib.
“Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Mehman Əliyev QHT Şurası və təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək, layihənin məqsədindən və qarşıda duran vəzifələrdən danışıb.
Layihə eksperti Elbəy Fətəliyev sosial şəbəkələr və vətəndaş cəmiyyəti, sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri haqqında seminar iştirakçılarını məlumatlandırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən danışıb, eləcə də sosial şəbəkələrdə dini radikalizmi təbliğ edən paylaşım və çağırışlar haqqında fikir və mülahizələrini bildirib.
Qeyd edək ki, layihə çərçivəsində növbəti tədbirlər Lerik, Cəlilabad, Salyan, Masallı, Yardımlı və Astara rayonlarında keçiriləcək.

Regionlar 2019-10-09 18:34:00