Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Paracüdo üzrə Azərbaycan yığması “Tokio 2020” Paralimpiya Oyunlarında tam heyətlə çıxış edə bilər

Bakı, 9 oktyabr, AZƏRTAC

Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) 2019-cu il üçün paracüdoçuların son reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, reytinq xalları idmançıların “Tokio 2020” Yay Paralimpiya Oyunlarına qatılma şanslarını müəyyənləşdirir.
Hazırkı reytinq 2018-ci ildən bu günədək keçirilmiş dünya çempionatı (Portuqaliya, 2018-ci il), Bakı Qran-Prisi (2019-cu il), “İnternational Qualifier 2019” (ABŞ), Avropa çempionatı (İtaliya), Asiya və Okeaniya çempionatı (Qazaxıstan) və Özbəkistan Qran-Prisi yarışlarının nəticələrinə əsasən müəyyənləşib.
Kişilərin reytinqində 8 idmançımız ilk onluqda yer alıb. Belə ki, Vüqar Şirinli (60 kq) beşinci, Bayram Mustafayev, Namiq Abbaslı (hər ikisi 66 kq) 4-5-ci, Paralimpiya çempionu Ramil Qasımov (73 kq) üçüncü, Hüseyn Rəhimli (81 kq) beşinci, Rövşən Səfərov (90 kq) yeddinci, Kənan Abdullaxanlı (100 kq) yeddinci, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (100 kq-dan yuxarı) dördüncü pillədə qərarlaşıblar.
Qadınların reytinq cədvəlində Şahanə Hacıyeva (48 kq) dördüncü, Bəsti Səfərova, Səbinə Abdullayeva (hər ikisi 52 kq) 8-9-cu, Sevda Vəliyeva, Paralimpiya çempionu Afaq Sultanova (hər ikisi 57 kq) 4-5-ci, Xanım Hüseynova (63 kq) 5-ci, Zülfiyyə Hüseynova (70 kq) 6-cı, Dürsədəf Kərimova (70 kq-dan yuxarı) isə 5-ci pillədə yer alıblar.
Reytinqə əsasən paracüdo üzrə Azərbaycan yığma komandasının “Tokio 2020” Paralimpiya Oyunlarında bütün çəki dərəcələrində təmsil olunmaq şansı çox yüksəkdir.
Gələn ilin aprelində keçiriləcək “London 2020” və mayda baş tutacaq “Bakı 2020” Qran-Pri yarışlarından sonra yekun reytinq xalları müəyyənləşəcək. Bununla da, “Tokio 2020”yə lisenziya qazanacaq idmançıların tam siyahısı bəlli olacaq.

 

İdman 2019-10-09 17:18:00