×
A
A
A
Sazlamalar

“DOST” mərkəzi fəaliyyətə başladığı beşinci ayın tamamında 40 mininci sakinə xidmət edib

Bakı, 9 oktyabr, AZƏRTAC

DOST Agentliyinin 1 saylı “DOST” mərkəzi 40 mininci vətəndaşı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Yasamal rayon sakini Rasim Nəbiyev mərkəzə əmək pensiyalarının təyin edilməsi ilə əlaqədar müraciət edib. Maraqlıdır ki, fəaliyyətə başladığının beşinci ayının tamamında o, “DOST” mərkəzinin xidmət göstərdiyi 40 mininci vətəndaş kimi tarixə düşüb.
1 saylı “DOST” mərkəzinin direktoru Seymur Alıyev vətəndaşa təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib. Direktor “DOST” mərkəzinin xidmətlərindən istifadə etdiyi üçün paytaxt sakininə təşəkkürünü bildirib.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Rasim Nəbiyev burada göstərilən xidmətin operativ və yüksək səviyyədə olduğunu qeyd edib: “Mən dəfələrlə mərkəzə üz tutub onun xidmətlərindən istifadə etmişəm. Hər dəfə burada təşkil edilən xidmətin yüksək səviyyəsi və operativliyindən, işçilərin səmimiyyətindən çox razı qalmışam. Doğrudan da mərkəzdə hər şey vətəndaş məmnunluğuna xidmət edir”.
O, son aylarda artırılan pensiya və əməkhaqlarına, vətəndaşlar üçün rahat xidmət şəraiti yaradıldığına görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Sosial 2019-10-09 16:48:00