Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanda Türkiyənin standartlaşdırma orqanının nümayəndəliyi yaradılıb

Bakı, 9 oktyabr, AZƏRTAC
"Azesert" Sertifikatlaşma Orqanı ICAS ilə birlikdə “İnterset Uygunluk Değerlendirme Hizmetleri A.Ş”nin Azərbaycanda nümayəndəliyini yaradıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 9-da "Azesert" və "İnterset Uygunluk Değerlendirme Hizmetleri A.Ş"nin Azərbaycan nümayəndəliyinin direktoru Teymuraz Əsgərov deyib.
O qeyd edib ki, standartlaşdırma sahəsində aparılan islahatların əsas məqsədi ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, istehsal olunan məhsulların və göstərilən xidmətlərin xarici bazarlara maneəsiz ixrac edilməsidir.
T.Əsgərov Azərbaycanda azad sahibkarlıq üçün yaradılan münbit şəraitdən, ölkəmizdə istehsal olunan məhsulların yerli və beynəlxalq standartlara uyğun istehsalından, məhsulların dünya bazarına ixracından və tətbiq edilən standartlaşdırma sistemindən danışıb. O, həmçinin rəhbərlik etdiyi qurum haqqında məlumat verərək deyib ki, “Azesert” Sertifikatlaşdırma Orqanı ölkənin keyfiyyət infrastrukturunun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən nüfuzlu sertifikatlaşdırma orqanlarından biridir və sertifikatlaşdırma orqanları arasında ən geniş akkreditasiya sahəsinə malik olan qurumdur.
Diqqətə çatdırılıb ki, qurumun yaradılması nəticəsində Azərbaycanda istehsal olunan məhsullar maneəsiz Türkiyə Standartlaşdırma İnstitutunun (TSE) laboratoriyalarında yoxlanılaraq sertifikatlaşdırılacaq, bu isə Azərbaycan məhsulunun dünya bazarına çıxması deməkdir. Qurum rəhbəri, həmçinin ölkəmizdə neft-kimya məhsullarının sınağının aparılması üçün beynəlxalq standartlara cavab verən laboratoriyanın da inşa ediləcəyini söyləyib.
Türkiyənin Sənaye və Texnologiyalar nazirinin müavini Hasan Büyükdede ölkəmizə səfərindən məmnun qaldığını, eləcə də Azərbaycan və Türkiyə arasındakı iqtisadi münasibətlərin daha da genişləndiriləcəyindən əmin olduğunu vurğulayıb.
Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizlə Türkiyənin əməkdaşlığının böyük tarixi olduğunu və bu əlaqələrin daha da inkişaf etdiyini bildirib: “Azərbaycanda sənayeləşmə ilə bağlı həyata keçirilən tədbirlər, respublikada sənaye zonalarının qurulmasında qardaş və dost Türkiyənin də təcrübəsindən yararlanmışıq”.
Onun sözlərinə görə, hər iki ölkənin məhsullarının dünya bazarına çıxarılmasında dünya standartlarının da böyük rolu var. Həmin işlərin həyata keçirilməsi istiqamətində isə müvafiq strukturlar yaradılmalıdır. Bu baxımdan təşkilatın Azərbaycan nümayəndəliyinin təsis edilməsi uğurlu bir əməkdaşlıq nümunəsi olacaq.
Türkiyə Standartlaşdırma İnstitutunun rəhbəri Adem Şahin yeni yaradılan “İntersert” sertifikatlaşdırma orqanı haqqında məlumat verərək bildirib ki, sözügedən qurum Türkiyənin və beynəlxalq standartların Azərbaycanda tətbiqinin genişləndirilməsində mühüm əhəmiyyət kəsb edəcək, nəticədə TSE-nin 65 illik təcrübəsi ICAS vasitəsilə Azərbaycanda geniş tətbiq olunacaq.
Görüşdə TSE-nin geniş təcrübəsindən yararlanmaq, hər iki ölkənin sertifikatlaşdırma orqanları arasında əlaqələrin genişləndirilməsi, bu sahədə birgə tədbir və layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, türk iş adamları və digər rəsmi şəxslər iştirak ediblər.

İqtisadiyyat 2019-10-09 16:41:00