Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Minskdə baytarlıq sahəsində əməkdaşlığa dair Hökumətlərarası Şuranın iclası keçiriləcək

Bakı, 9 oktyabr, AZƏRTAC 

Oktyabrın 10-dan 12-dək MDB İcraiyyə Komitəsinin Minskdə yerləşən ofisində baytarlıq sahəsində əməkdaşlığa dair Hökumətlərarası Şuranın iclası keçiriləcək.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Şuranın üzvləri Birlik ölkələrində epizootik sahədə vəziyyəti müzakirə edəcək, MDB iştirakçı dövlətlərinin müvafiq strukturlarının dabaq və quduzluq kimi xəstəliklərlə mübarizə və profilaktika sahələrində birgə fəaliyyətini nəzərdən keçirəcəklər.
İclasda Rusiya tərəfi elektron baytarlıq sertifikatlaşması təcrübəsini bölüşəcək, Qazaxıstan nümayəndəsi isə Beynəlxalq Epizootik Bürosunun dabaq və quduzluqla mübarizə sahəsində qərarları istiqamətində öz ölkəsində görülən işlər barədə məlumat verəcək.
Eyni zamanda, iclasda bioloji material mübadiləsi, kənd təsərrüfatında heyvanların artımında genetik materialın təhlükəsizliyinin təmin edilməsi, onların mikrob əleyhinə preparatlara müqavimətinə dair sənədlərə baxılacaq. İştirakçılar baytarlıq təbabəti üzrə əldə olunmuş müasir elmi-praktiki nailiyyətlər və Avrasiya İqtisadi İttifaqında baytar-sanitar tədbirlərin həyata keçirilməsində rəqəmsal texnologiyaların rolu ətrafında da fikir mübadiləsi aparacaqlar.
Şuranın üzvləri MDB iştirakçı dövlətlərinin baza təşkilatı olan heyvanların sağlamlığı üzrə Federal Mərkəzin 2020-ci ilədək fəaliyyətinə dair informasiyanı müzakirə edəcək, heyvan xəstəliklərinə nəzarət və onların diaqnostikası üzrə kadrların ixtisasının artırılması məsələlərini də nəzərdən keçirəcəklər.
İclasda baytarlıq sahəsində əməkdaşlığa dair Hökumətlərarası Şuranın sədrinin növbəti müddətə sədri seçiləcək.

Sosial 2019-10-09 14:50:00