Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“İndi hünər meydanıdır” kitabının təqdimatı olub

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən çap olunmuş “İndi hünər meydanıdır” kitabının təqdimatı keçirilib. Kitabın nəşri Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu" layihəsi çərçivəsində reallaşıb. Layihənin rəhbəri İctimai Birliyin sədr müavini Həbib Misirovdur.
AZƏRTAC xəbər verir ki, kitabda tanınmış və gənc aşıqların qəhrəmanlıq və vətənpərvərlik, Qarabağ müharibəsi mövzusunda yazdıqları şeirlərlə yanaşı, bu mövzuda yaratdıqları dastanlar da yer alıb.
Tədbirdə kitabın redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi bu günə qədər aşıq sənətinin inkişafı istiqamətində böyük layihələrə imza atıb. Qeyd edib ki, aşıq sənəti elə bir janrdır ki, daima millətin köklərinə bağlı olub. Bu gün də aşıqlarımız xalqın yanındadır və öz tarixi missiyasını davam etdirir, xalqımızı döyüşə səsləyir, bu torpağın qəhrəmanlarını tərənnüm edirlər.
Kitabın əhəmiyyətindən danışan M.Nəbioğlu deyib ki, burada toplanan şeirlər gənclərdə vətənpərvərlik hissini artırır. Kitabda yaşlı aşıqlarla yanaşı, gənc aşıqların da şeirlərinə yer verilib.
Ölkəmizdə aşıq sənətinin inkişaf etdiyini söyləyən digər natiqlər müasir dövrümüzdə də yeni-yeni dastanların yarandığını bildiriblər.
Tədbirdə ustad aşıqlar müxtəlif aşıq havaları üstündə qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər oxuyublar.

Mədəniyyət 2019-10-09 14:52:00