×
A
A
A
Sazlamalar

Müasir Ermənistan ərazisindəki Azərbaycan toponimləri ilə bağlı portalın təqdimatı olub

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da Bakıda “Müasir Ermənistan ərazisindəki Azərbaycan toponimləri” interaktiv xəritə portalının (www.realmap.az) təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, portal Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi tərəfindən hazırlanıb.
Təqdimat mərasimində çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bu layihənin Azərbaycan tarixi ilə bağlı həqiqətlərin ölkə gəncləri ilə yanaşı, dünya ictimaiyyətinin də diqqətinə çatdırılması işinə mühüm töhfə verəcəyini vurğulayıb. Nazir müavini belə layihələrin və portalların XXI əsrdə aparılan informasiya müharibəsi baxımından önəmini qeyd edib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar ölkəmizlə bağlı həqiqətlərin təbliğində və Ermənistanın işğalçılıq siyasətinin ifşa olunmasında belə layihələrin vacibliyini qeyd edib. Xalq yazıçısı bildirib ki, işğal olunmuş ərazilərimizlə bağlı məlumatların geniş oxucu kütləsinə malik internet resurslarında müxtəlif dillərdə yerləşdirilməsi və yayılması mühüm əhəmiyyət kəsb edir. Bu qəbildən məlumatları Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” forumundakı çıxışında qətiyyətlə səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi altında təqdim etmək olar. Bütün saytlar həmin materialları bu qaydada yerləşdirsələr bu, böyük təbliğat olar. Çünki indi hər kəs təbliğat üçün kitabdan çox internetdən istifadə edir”.
Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva çıxışında Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi və dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından belə layihələrin önəmini vurğulayıb. Rektor bildirib ki, Şəlalə Həsənovanın müəllifi olduğu “İrsimizə atəş açmayın!” sənədli filmi ötən il ABŞ ictimaiyyətinə təqdim edilib. Bu gün dünya ictimaiyyəti ölkəmizlə bağlı həqiqətləri Azərbaycan dövlətinin uğurlu xarici siyasəti sayəsində öyrənir. Ölkəmizdə keçirilən çoxsaylı sammitlər, forumlar, görüşlər, sərgilər, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində reallaşdırılan beynəlxalq tədbirlər Azərbaycanı dünyaya yaxından tanıdır. Biz Azərbaycan həqiqətlərinin təbliğinə çalışırıq. İnanırıq ki, işğal altındakı torpaqlarımız tezliklə azad ediləcək və məcburi köçkünlərimiz doğma yurdlarına qayıdacaqlar.
Portal barədə təqdimatla çıxış edən İctimai Birliyin sədri, layihənin əlaqələndiricisi, Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Şəlalə Həsənova qeyd edib ki, saytın əsas xüsusiyyəti indiki Ermənistan Respublikasının ərazisindəki qədim Azərbaycan toponimləri barədə müfəssəl məlumatların verilməsidir. Bununla da Ermənistan Respublikasının ərazisinin oğuz türklərinin əzəli torpaqları olması coğrafi və demoqrafik dəlillərlə tam şəkildə sübuta yetirilir.
Məlumat verilib ki, portalın əsasını təşkil edən interaktiv xəritədə orta əsrlərdə Qərbi Azərbaycanda mövcud olmuş 400 Azərbaycan kəndi tam dəqiq coğrafi koordinatlar üzrə təqdim edilib. Burada kəndlərin türk mənşəli toponimləri, onların saxtalaşdırıldığı tarixlər və müxtəlif illərdə həmin kəndlərdə yaşayan azərbaycanlıların sayı barədə məlumat yerləşdirilib. 1918-1920-ci illərdə daşnakların hakimiyyəti dövründə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası və soydaşlarımıza qarşı törədilmiş soyqırımlarına da xəritədə xüsusi yer verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixi ərazilərimizdə dövlət quran Ermənistanın məkrli niyyəti, soyqırımı və işğalçılıq siyasətini dəfələrlə beynəlxalq tribunalardan ifşa edərək, “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq” fikrini bəyan edib. www.realmap.az platformasında göstərilən toponimik panorama və demoqrafik faktlar dövlətimizin başçısının beynəlxalq platformalarda daim səsləndirdiyi tezisi tarixi faktlarla sübut edərək möhkəmləndirən nadir elektron bazadır. Xəritə ilə yanaşı, portalda “Ermənistanda Azərbaycan toponimləri”, “Əhali”, “Arxiv sənədlər” kimi yardımçı bölmələr də yer alıb. Burada mövzu üzrə cədvəllər, ətraflı məlumatlar, nadir sənədlər yerləşdirilib, yaşayış məntəqələrinin adları əlifba üzrə sıralanaraq təqdim olunub.

Sosial 2019-10-09 14:36:00