Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Hacıqabulda quşçuluqla məşğul olan fermerlərə təlim keçirilib

Bakı, 9 oktyabr, AZƏRTAC
Hacıqabul rayonunun Qubalıbaloğlan kənd sakini İsmayılov Mirkazım Seyidağa oğluna məxsus təsərrüfatda bir qrup sahibkar və kənd sakinlərinin iştirakı ilə “Quşlarda çiçək və nyukasl xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, təlimdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin Hacıqabul Rayon Baytarlıq İdarəsinin rəisi Pünhan Zeynalov cari ilin 9 ayı ərzində Hacıqabul rayonunda nyukasl xəstəliyinə qarşı 659 900 baş cavan quşda “La-sota” vaksini ilə, 445 280 baş yaşlı quşda “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirlərinin aparıldığını deyib.
Təlimdə fermerlərə nyukasl və çiçək xəstəlikləri, xəstəliklərin etiologiyası, patogenizi, kliniki əlamətləri, davamlılığı və mübarizə tədbirləri barədə geniş məlumat verilib, həmçinin nyukasl xəstəliyinin diaqnostikası, profilaktikası və ləğvinin dövlət vəsaiti hesabına, çiçək xəstəliyinin isə vətəndaşın öz vəsaiti hesabına aparıldığı bildirilib. Eyni zamanda, ev quşlarının saxlanma və bəslənməsi və gözlənilməz infeksion xəstəliklərdən qorunmaq üçün əlavə tədbirlər barədə təsərrüfat sahibləri maarifləndirilib.
Həmçinin təlim zamanı bütün infeksion xəstəliklərdən qorunmaq məqsədi ilə quşçuluqda istifadə olunan damların, alətlərin, yem və su qablarının baytarlıq-sanitariya cəhətdən steril olması üçün vaxtlı-vaxtında dezinfeksiya və dezinseksiya işlərinin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, quşlar yemlənən zaman yemlərin tərkibində olan vitaminlərin və mineral maddələrin yemdə norması quşların tələbatına uyğun olaraq verilməlidir. Quşların saxlanılması zamanı vitamin və mineral maddələrin çatışmazlığı orqanizmin immun zəifliyinə səbəb olur ki, bu da müxtəlif infeksion və digər xəstəliklərin yoluxma riskini artırır.
Təlim geniş diskussiya və müzakirə şəraitində keçib.

Kənd təsərrüfatı 2019-10-09 10:48:00