Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

ADU-da Sovet-Türk kollokviumunun 30 illiyinə həsr olunan tədbir keçiriləcək

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də Azərbaycan Dillər Universitetində (ADU) Sovet-Türk kollokviumunun 30 illiyinə və “Kitabi–Dədə Qorqud” dastanının yeni tapılmış “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” boyunun müzakirəsinə həsr olunan dəyirmi masa keçiriləcək.
ADU-dan AZƏRTAC-a bildirilib ki, AMEA-nın “Türkologiya” jurnalı, Bakı Yunus Əmrə İnstitutu və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək dəyirmi masada Azərbaycanın və Türkiyənin görkəmli alimləri iştirak edəcəklər.
Elmi yığıncaq iki hissədən ibarət olacaq. Sovet-Türk kollokviumunun (1988) 30 illiyinə həsr olunan yığıncağın birinci hissəsi akademik Teymur Kərimli və professor Osman Fikri Sərtqayanın moderatorluğu ilə keçiriləcək. Bu bölmədə ADU-nun rektoru, “Türkologiya” jurnalının baş redaktoru, akademik, Xalq yazıçısı Kamal Abdulla, Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, türkiyəli professorlar Əhməd Bican Ercilasun, Saim Sakaoğlu, Fikrət Türkmən, professor Tofiq Məlikli, akademiklər Muxtar İmanov və Möhsün Nağısoylu çıxış edəcəklər.
“Kitabi-Dədə Qorqud” dastanının yeni tapılmış “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” boyunun müzakirəsinə həsr olunacaq ikinci hissəyə tanınmış türkoloq alim, professor Əhməd Bican Ercilasun və akademik Möhsün Nağısoylu moderatorluq edəcəklər. Müzakirələrdə Azərbaycan və Türkiyənin tanınmış alimləri iştirak edəcəklər.

Elm və təhsil 2019-10-09 10:39:00