Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Dənizdə itkin düşən dörd balıqçıdan üçü xilas edilib

Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də saat 10:20 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinə oktyabrın 2-də dənizə çıxmış dörd nəfər heyəti olan “SA-1672” bort nömrəli bayda tipli üzmə vasitəsilə ayın 7-də saat 16:00 radələrindən sonra əlaqənin kəsilməsi barədə məlumat daxil olub.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, məlumat alındıqdan dərhal sonra dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmilərinə axtarış barədə tapşırıqlar verilib və əraziyə yaxın fəaliyyət göstərən bütün üzmə vasitələri məlumatlandırılıb.
Aparılmış birgə axtarış tədbirləri nəticəsində itmiş qayığın üç nəfərlik heyəti aşkarlanaraq xilas edilib və oktyabrın 9-da saat 00:55 radələrində dənizdə dövlət sərhədinin mühafizəsində olan “Şahdağ” tipli gəminin bortuna götürülüb.
Xilas edilmiş balıqçılar ilkin tibbi yardım göstərilərək isti geyim və qida ilə təmin olunub və saat 07:10 radələrində Sahil Mühafizəsinin bazasına gətiriliblər. Onların Neftçala rayonu sakinləri 1980-ci il təvəllüdlü Babayev Valeh Vidadi oğlu, 1975-ci il təvəllüdlü Cəfərov Elbrus Yəhya oğlu, 1971-ci il təvəllüdlü Əhmədov Aqil Şamil oğlu olmaları müəyyənləşib. Üzmə heyətinin digər üzvü - Neftçala rayonunun sakini 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları indiyədək nəticə verməyib.

Hadisə 2019-10-09 10:41:00