Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İlahiyyat İnstitutunun müəllimi beynəlxalq simpoziumda iştirak edib

Bakı, 9 oktyabr, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dinşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov Türkiyə Respublikası Ağrı şəhəri İbrahim Çeçen Universitetində keçirilən, İslam dünyasının elm və mədəniyyət tarixçisi, professor Fuad Sezginin həyat və yaradıcılığına həsr olunan “III Beynəlxalq Əhmədi-Hani Simpoziumu”nda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, 80 məruzəçinin çıxış etdiyi simpoziumda professor Fuad Sezginin şəxsiyyəti, elmi fəaliyyəti, əsərləri, dünya elm tarixinə və bəşəriyyətə verdiyi töhfələr haqqında geniş müzakirələr aparılıb. Dosent Anar Qafarov simpoziumda “İslam dünyası elmi baxımdan niyə tənəzzülə uğradı? Fuad Sezgin görüşləri müstəvisində” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bu məsələ ilə bağlı qeyd etdiyi mühüm məqamlardan söhbət açaraq, İslam dünyasının elmi baxımdan zəifləməsinin və durğunluq dövrü yaşamasının tarixi, siyasi və elmi səbəblərini göstərib. “Beytül-hikmə” Tərcümə Mərkəzinin fəaliyyətindən danışan Anar Qafarov müsəlman elm adamlarının dünya elminə töhfələrindən bəhs edib.
Aİİ-nin müəllimi, dosent Anar Qafarov müxtəlif beynəlxalq konfranslarda elmi mühazirələrlə çıxış edib. Tərcümə, naşir, elmi redaktor, tək və ortaq müəllifi olduğu 13 kitabı, 4 monoqrafiyası var. Ölkəmizdə və xaricdə nüfuzlu jurnallarda 20-dən çox məqaləsi dərc edilib.

Elm və təhsil 2019-10-09 10:11:00