Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanın tutduğu yol alternativsiz yoldur

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Geofizika və Geologiya İdarəsi ərazi ilk partiya təşkilatı görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunan tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinov 1991-1993-cü illərdə respublikamızda yaranmış hakimiyyətsizlik mühitindən, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoymasından danışıb. O deyib ki, Azərbaycanı fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün böyük işlər gördü. Bütün siyasi gedişlərində Azərbaycanın milli və dövlətçilik maraqlarını əsas götürən Ulu Öndərin hazırladığı neft strategiyasının təməli olan “Əsrin müqaviləsi”nin reallaşmasında əsas məqsəd Azərbaycanı o dövrdə üzləşdiyi siyasi, iqtisadi, ideoloji blokadadan çıxarmaq, ölkəmizin dünya birliyinə inteqrasiyasında xalqımızın milli sərvəti olan zəngin neft yataqlarından bugünkü və gələcək nəsillərin rifahı naminə istifadə etmək idi. Azərbaycanın o dövrdə üzləşdiyi vəziyyəti nəzərə alaraq tam əminliklə demək olar ki, dünya birliyinin maraq göstərdiyi ilk belə nəhəng layihənin hazırlanması, tanınmış neft şirkətlərinin “Əsrin müqaviləsi”ndə iştirakı lider qətiyyətinin məntiqi nəticəsi idi.
“Bizim bir yolumuz var: bu, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi yoldur, - deyə Elçin Şirinov qeyd edib.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, belə görüşlərin keçirilməsində məqsəd görülən işlər və qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmaq, YAP üzvlərinin ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakını təmin etməkdir. YAP mütəmadi olaraq həyatımızın bütün sahələrində mövcud reallıqları özündə əks etdirən tədbirlər həyata keçirir. Geofizika və Geologiya İdarəsi ərazi ilk partiya təşkilatı YAP-ın SOCAR-da ən aparıcı ilk təşkilatlarından biridir. YAP-ın hər bir üzvü Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi siyasətə, reallaşdırdığı təşəbbüslərə öz fəallıqları ilə dəstək olmalıdır.
Bu ilin ölkəmizdə bələdiyyə seçkiləri ili olduğunu deyən V.Rəhimzadə bildirib ki, 2020-ci ildə isə parlament seçkiləri keçiriləcək. YAP üzvləri əvvəlki seçkilərdə olduğu kimi, bu seçki kampaniyalarında da xüsusi fəallıq nümayiş etdirməlidirlər. Bu, hər birimizin üzərinə düşən bir öhdəlikdir. Təbii ki, bu gün Azərbaycanı istəməyən qüvvələr var. Ölkəmiz daha da gücləndikcə dostlarının sayı artmaqla yanaşı, uğurlarını həzm etməyən qüvvələrin mövcudluğu daha çox nəzərə çarpır. Ona görə də partiyamızın üzvləri hər zaman fəal olmalı, Azərbaycan reallıqlarını sosial şəbəkələr vasitəsilə geniş təbliğ etməli, dünya ictimaiyyətinə çatdırmalıdırlar. YAP üzvlərinin ictimai fəallığının artırılması qarşımızda duran ən vacib hədəflərdən biri olmalıdır. Ölkəmizdə bu gün siyasi sabitlik hökm sürür. Təbii ki, əgər sabitlik olmasa, hər hansı bir uğurdan söhbət gedə bilməz. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir, iqtisadi imkanlarını daha da genişləndirir. Azərbaycanın sosial-iqtisadi inkişafına böyük töhfələr verən, beynəlxalq aləmdə ölkəmizin brendinə çevrilən SOCAR-ın əməkdaşlarının bu sahədə əməyi xüsusilə qeyd olunmalıdır. Neftçilərin əməyi çətin və şərəflidir. Onlar Azərbaycanın fədakar və qürurverici insanlarıdır. Bu gün SOCAR dünyanın bir sıra ölkələrində Azərbaycanın mənafeləri naminə yatırımlar edir, regionlarımızın inkişafında böyük rol oynayır. Geofizika və Geologiya İdarəsi SOCAR-ın bir struktur vahidi olaraq bu sahədəki fəaliyyətində Azərbaycanda öncül yerlərdən birini tutur.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev söyləyib ki, Azərbaycanın tutduğu yol alternativsiz yoldur. Ulu Öndər hər zaman deyirdi ki, müstəqillik elan etmək, dövləti qurmaq, bəyanat vermək asandır, ancaq onu qoruyub saxlamaq ondan çox çətin və məsuliyyətlidir. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunun mənası odur ki, bu yol ancaq quruculuq və inkişaf yoludur. Məhz “Əsrin müqaviləsi”nin imzalanmasında Ümummilli Liderin xalq, dövlət naminə göstərdiyi qətiyyət dahi rəhbərin misilsiz tarixi xidmətlərinin ən çətini və ən şərəflisidir. Dünya birliyinin həsəd apardığı Azərbaycanın dinamik, davamlı inkişafına gedən yolun təməli bu tarixdən başlanır. Hazırda bu yolu Prezident İlham Əliyev uğurla davam etdirir.

Daxili siyasət 2019-10-08 19:51:00