×
A
A
A
Sazlamalar

Azərbaycanın və Rusiyanın Hərbi prokurorluqları arasında əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı üçün faydalıdır

Bakı, 8 oktyabr, AZƏRTAC 

Sovet İttifaqı dağıldıqdan sonra keçmiş müttəfiq respublikalarının əlaqələri, o cümlədən hüquq-mühafizə orqanları arasındakı münasibətlər demək olar tamamilə zəifləmişdi. Lakin zaman və şərait bu əlaqələrin qurulmasını zəruri edirdi. Çünki biz uzun illər bir yerdə yaşamışıq. Müəyyən məsələlərdə qarşılıqlı əlaqələrimizin inkişafına böyük ehtiyac var. Bu problemlər Müstəqil Dövlətlər Birliyinin nizamnaməsi və onun qaydaları çərçivəsində digər hüquq-mühafizə orqanları kimi, prokurorluqlar arasında da yaranıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Baş prokurorunun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev oktyabrın 8-də Fəxri xiyabanda jurnalistlərə müsahibəsində deyib.
Xanlar Vəliyev bildirib ki, MDB çərçivəsində prokurorluqların birliyi fəaliyyət göstərir. Lakin Hərbi prokurorluqlar arasında əlaqələr yetərincə deyildi. Baxmayaraq, Hərbi prokurorluqlar da bütövlükdə prokurorluqların tərkibindədir, amma bizim prokurorluqların spesifik cəhətləri var. Bu sahədə Rusiya Federasiyasının Baş Hərbi prokuroru Valeri Petrovun təşəbbüsü ilə iki ölkənin Hərbi prokurorluqları arasında əlaqələrin formalaşmasına və inkişaf etdirilməsinə başlandı. Biz Hərbi Prokurorluqda qarşılıqlı əməkdaşlıqla bağlı müəyyən məsələləri müzakirə etdik. Güman edirəm ki, bu müzakirələr davam etdiriləcək.
Rusiya Federasiyasının Baş Hərbi prokuroru Valeri Petrov qeyd edib: “Sovet İttifaqı dağılandan sonra Bakıya ilk dəfə səfər edirəm. İki ölkənin Hərbi prokurorluqları arasında əməkdaşlığı davam etdirmək üçün nümayəndə heyəti ilə Bakıya gəlmişik. Bu əlaqələr ölkələrimiz üçün faydalıdır. Əməkdaşlığımız bundan sonra müsbət məcrada inkişaf edəcək. Bu münasibətlərin genişləndirilməsini yüksək dəyərləndiririk”.

Sosial 2019-10-08 18:52:00