×
A
A
A
Sazlamalar

“Sağlam məktəbli” layihəsi çərçivəsində Binəqədi və Tovuz məktəbliləri ilə görüş olub

Bakı, 8 oktyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi əhalinin qida təhlükəsizliyi ilə əlaqədar maarifləndirilmə sahəsində “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti görüş Bakının Binəqədi rayonundakı 283 nömrəli orta məktəb və Tovuz şəhəri A.S.Puşkin adına tam orta məktəbin şagirdləri ilə keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə şagirdlərə agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat veriləndən sonra onlara qida təhlükəsizliyi ilə bağlı hazırlanmış sosial videoçarxlar təqdim edilib.
Məktəblilərə enerji içkilərinin insan orqanizminə zərəri, konservləşdirilmiş məhsulların düzgün saxlanılma qaydaları, qida məhsulları alarkən diqqət yetirilməli məsələlər və məktəblinin sağlam qidalanması barədə ətraflı məlumat verilib.
Görüşdə məktəblilərə istehlakçı kimi qida təhlükəsizliyi ilə əlaqədar hansısa problem olduqda və ya sağlam qidalanma sahəsində onları maraqlandıran suallar yarandıqda agentliyin “1003” Çağrı Mərkəzinə müraciət etmək tövsiyə olunub.
Görüş zamanı məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara sağlam qidalanma ilə əlaqədar maarifləndirici materiallar paylanılıb.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.

 

Sosial 2019-10-08 18:08:00