Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Hər gün 40-dək ölkədə Neft-Kimya Prosesləri İnstitutunun veb-saytından istifadə olunur

Bakı, 8 oktyabr, AZƏRTAC
AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşları tərəfindən 1992-2019-ci illərdə 235-dən çox kitab, monoqrafiya, dərslik, dərs vəsaiti, biblioqrafiya, konfrans materialı, həmçinin 25 preprint, tematik icmal, toplu və kataloq, 14 standart, 145 normativ texniki sənəd tərtib edilib və buraxılıb.
NKPİ-nin direktoru, akademik Vaqif Abbasov AZƏRTAC-a bildirib ki, bundan əlavə, 5 mindən çox məqalə və məruzənin tezisləri respublika və xarici mətbuatda (təqribən 1000-dən çoxu xarici mətbuatda) dərc edilib. Bu illər ərzində orta məktəblərdə kimyanın tədrisinə aid 28 dərslik və 52 dərs vəsaiti çap olunub. Çap olunmuş monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri, biblioqrafiyalar olduqca çoxdur. Müasir Azərbaycanın ümumtəhsil məktəbləri üçün ilk milli kimya dərslikləri məhz institutumuzun və Bakı Dövlət Universitetinin nüfuzlu alimləri tərəfindən yazılıb və çap olunub.
İnstitut təhsilin inkişafına böyük önəm verir. Beynəlxalq Mendeleyev və dünya kimya olimpiadalarına şagirdlərin hazırlanmasında institutun əməkdaşları hər zaman əzmlə iştirak ediblər. Azərbaycanın 2 məktəblisinin institutun elmi dəstəyi ilə hazırladığı layihə 2019-cu ildə ABŞ-da keçirilən “Dahilər”in olimpiadasında 73 ölkədən təqdim olunan 420 layihə arasında birinci yeri tutaraq qızıl medala layiq görülüb. 2000 və 2010-cu illərdə Bakıda keçirilmiş Beynəlxalq Mendeleyev kimya olimpiadalarının eksperimental hissəsi məhz NKPİ-də və Bakı Dövlət Universitetində hazırlanıb. İnstitut əməkdaşlarının hazırlaşdırdığı olimpiada qalibləri indi ölkəmizin və dünyanın nüfuzlu mərkəzlərinin işçiləridir.
“İnstitutumuz ölkəmizdə yeganə maarifləndirici veb-sayt yaradıb. Bu saytda təkcə kimya yox, demək olar ki, bütün elm sahələri əhatə olunub. 2015-ci ilin avqustundan bu günə qədər saytımıza 6 milyondan çox baxış olub. Saytda kimya dərsliklərinin mükəmməl şərhi, laboratoriya tədqiqatlarının nümunələri şərhləri ilə verilib. Hər gün 40-dək ölkədə bizim saytdan istifadə olunur”, - deyə akademik bildirib.
Qeyd edək ki, institutun fəaliyyəti dövründə alimlər tərəfindən aparılan elmi-tədqiqat işlərinin yeni nəticələrinə – ixtiralara 1000-dən çox müəlliflik şəhadətnaməsi, 150 xarici ölkə patenti (Rusiya, ABŞ, Kanada, İngiltərə, Almaniya, Fransa, Yaponiya, Niderland, Rumıniya, İran, İraq, Əlcəzair, Bolqarıstan, Çexiya, Slovakiya, İsveçrə və s.), 170 Azərbaycan Respublikası patenti, beynəlxalq patent, 10 Avrasiya patenti və lisenziyalar alınıb. NKPİ-nin alimləri uzun illər ərzində keçmiş SSRİ-nin kimya profilli institutları, Bolqarıstanın neft emalı zavodu (Burqasda), ABŞ-ın Emori Universiteti, “Fenomeneks” şirkəti, “Shell”, “Mobil” şirkətlərinin neft emalı zavodları, İranın Azad İslam Universiteti, Tailand Elmlər Akademiyasının Kimya İnstitutu, Türkiyənin “TÜBİTAK” şirkəti, Ege Universiteti, “İşıqsan-kimya” firması, Səudiyyə Ərəbistanının “SABİC” şirkəti, Kral Əbdül Əziz adına Elmi-Texniki Mərkəzi, Gürcüstanın Fiziki və Üzvi Kimya İnstitutu, Tbilisi Dövlət Universiteti, Qazaxıstanın Üzvi Kataliz və Elektrokimya İnstitutu və digər ölkələrin elmi-tədqiqat institutları ilə sıx elmi əlaqələr saxlayırlar. İnstitutun 6 gənc əməkdaşı bir il müddətində Almaniyanın Rostok və Münxen şəhərlərində iş təcrübəsi toplayıb. İnstitut ənənəvi olaraq, bir çox xarici ölkələr üçün, o cümlədən Asiya, Afrika, Latın Amerikası ölkələri üçün yüksəkixtisaslı mütəxəssis hazırlayır.

Elm və təhsil 2019-10-08 16:58:00