Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Quldurluqda şübhəli bilinən Cəlilabad rayon sakini saxlanılıb

Bakı, 8 oktyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) 102 Zəng Mərkəzinə müraciət edən Salyan rayon sakini F.Adışirinov oktyabrın 6-da saat 22 radələrində rayon ərazisində sərnişin qismində “Mercedes” markalı avtomobilə minərək Bakı şəhərinə gəldiyini, Yasamal rayonu ərazisində isə sürücünün onu döyərək 497 manatını aldığını bildirib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
Quldurluq hadisəsini törətməkdə şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü, Cəlilabad rayon sakini S.Piriyev DİN-in Təhlükəsiz Şəhər Xidməti, Əlahiddə Çevik Polis Alayı, Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2019-10-08 16:50:00