×
A
A
A
Sazlamalar

Bu il Dövlət Əmək Müfəttişliyi Xidməti 11 minə yaxın müraciət araşdırıb

Bakı, 8 oktyabr, AZƏRTAC

Bu ilin ötən doqquz ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşlardan daxil olmuş 6 min 312 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 4 min 661 məktub araşdırılaraq cavablandırılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlər daha çox emal, tikinti, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, ictimai iaşə və digər sahələrə aid olub. Xidmət tərəfindən vətəndaş müraciətləri araşdırılaraq, işçilərin əmək hüquqlarının müdafiəsi üçün aidiyyəti işlər görülüb.
Araşdırmalar zamanı aşkar edilən hüquq pozuntularının 45 faizini əməkhaqlarının ödənilməməsi və işçilərin məzuniyyət hüquqlarının pozulması, 34 faizini əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, 21 faizini isə digər hallar təşkil edib.
Hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib. Aradan qaldırılması müəyyən müddət tələb edən pozuntuların ləğvi üçün isə işəgötürənlərə göstərişlər verilib.
Törədilmiş inzibati xətalara görə vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək qanunvericiliyə uyğun qaydada və məbləğlərdə inzibati cərimələr tətbiq olunub.

Sosial 2019-10-08 15:26:00