×
A
A
A
Sazlamalar

Tvinninq layihəsi çərçivəsində ekspertlər ölkəmizə səfər ediblər

Bakı, 8 oktyabr, AZƏRTAC

Tvinninq layihəsinin “AzKÇ nəzərə alınmaqla kompetensiya və bacarıqlara əsaslanan nailiyyətlərin təsvir edilməsi məqsədilə prioritet sahələrdəki proqramların təhsil standartlarının təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsi” adlı 1.5 nömrəli fəaliyyəti çərçivəsində altıncı missiya həyata keçirilib.
Missiya çərçivəsində Fransanın Burqundiya Universitetinin professoru Mişel Narke və Litvanın Avropa Sosial Fond Agentliyinin biologiya üzrə təhsil proqramları sahəsində ixtisaslaşmış eksperti Trine Meza Johansen ölkəmizə səfər ediblər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, missiyanın məqsədi biologiya ixtisası üzrə dövlət standartının yenilənməsi və bu sahədə ixtisasların milli təsnifatının yaxşılaşdırılması üzrə tövsiyələr verilməsindən ibarət olub.
Missiya çərçivəsində ekspertlər Bakı Dövlət Universitetinin biologiya fakültəsinin professor-müəllim heyəti ilə görüşüb, sözügedən standartın yenilənməsi ilə bağlı onların rəy və təkliflərini öyrənib, eləcə də fakültənin maddi-texniki bazası ilə tanış olublar. Nəticədə ekspertlər biologiya ixtisası üzrə dövlət standartında əksini tapmış peşə kompetensiyalarını yeniləyib, burada maddi-texniki baza üzrə minimal tələbələr və məzunlar üçün potensial məşğulluq sahələrini müəyyənləşdiriblər. Ekspertlər, həmçinin biologiya sahəsi üzrə ixtisasların təsnifatının yaxşılaşdırılması istiqamətində tövsiyələr veriblər.
Qeyd edək ki, dövlət standartının yenilənməsi zamanı Tvinninq layihəsinin ekspertləri tərəfindən kompetensiya əsaslı yanaşmaya uyğun olaraq işlənib hazırlanmış yeni formatdan istifadə edilib.

Elm və təhsil 2019-10-08 13:43:00