Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Sovet elminin tanınmış simaları Yusif Məmmədəliyev şəxsiyyətinə hər zaman böyük dəyər veriblər

NKPİ-də Yusif Məmmədəliyevin memorial muzeyində alimin öz səsi ilə çıxışları müasir tələblərə cavab verən səviyyədə nümayiş etdirilir

Bakı, 8 oktyabr, AZƏRTAC
Akademik Yusif Məmmədəliyevin adını daşıyan Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) 1985-ci ildə alimin 80 illik yubileyi ilə bağlı onun xatirə kabinet-muzeyi yaradılıb. 2012-ci ildən bu muzey memorial statusda fəaliyyət göstərir. Muzeydə alimin həyat və fəaliyyətini, nailiyyətlərini əks etdirən eksponatlar, akademikin müxtəlif konfrans və simpoziumlarda öz səsi ilə çıxışları müasir tələblərə cavab verən səviyyədə nümayiş etdirilir.
NKPİ-nin direktoru, akademik Vaqif Abbasov AZƏRTAC-a müsahibəsində bildirib ki, Yusif Məmmədəliyev dünyanın qəbul etdiyi dahi alimlərdəndir və institutun şərəfli tarixində onun xüsusi yeri var. Təsadüfi deyil ki, iki dəfə Elmlər Akademiyasının prezidenti seçilib, Bakı Dövlət Universitetinin rektoru olub. İkinci Dünya müharibəsində SSRİ-nin qələbəsində onun elmi nəticələrinin xüsusi rolu olub. 1946-cı ildə aldığı SSRİ Dövlət mükafatı da bunun təsdiqidir. Onun müəllimi Nikolay Zelinskiyə hörmət və ehtiramı da olduqca ibrətamizdir. 1951-ci ildə akademik Yusif Məmmədəliyev “Nikolay Zelinski” kitabını rusca yazıb və çap etdirib. Biz həmin kitabın əhəmiyyətini nəzərə alaraq yubiley ərəfəsində onu yenidən çap etdirdik.
“Sovet elminin tanınmış simaları hər zaman Yusif Məmmədəliyev şəxsiyyətinə böyük dəyər verib. Hazırda institutumuzda fəaliyyət göstərən Yusif Məmmədəliyevin memorial muzeyi ölkəmizdə yeganə muzeydir ki, ikili tabeçiliyi var. Bu muzey həm Mədəniyyət Nazirliyinə, həm də Azərbaycan Milli Elmlər Akademiyasına tabedir. Bu muzeyin yaradılmasında Azərbaycan Dövlət Neft Şirkətinin xüsusi rolu var. Qeyd edim ki, biz dahi Məmmədəliyevin seçilmiş əsərlərinin ikicildliyini təkrar, üçüncü cildi və alimin biblioqrafiyasını nəşr etdirdik. Bu nəşrlərə görə akademik Akif Əlizadəyə, “Elm” nəşriyyatına təşəkkürümüzü bildiririk”, - deyə Vaqif Abbasov bildirib.
Qeyd edək ki, 90 illik fəaliyyəti dövründə institutun alimlərinin elmi işləri Azərbaycan neftinin tədqiqinə, yüksəkkeyfiyyətli yanacaq və yağ alınması məqsədilə onların effektiv emalının elmi əsaslarının işlənilməsinə, neft kimyası və neft emalı prosesləri üçün yeni texnologiya və katalizatorlar yaradılmasına, kataliz, üzvi kimya, yüksəkmolekullu birləşmələr kimyası, fiziki kimya sahəsində fundamental tədqiqatlar aparılmasına və Azərbaycan neft-kimya və neft emalı sənayesinin kompleks inkişaf sxemlərinin işlənib hazırlanmasına həsr olunub. Neftin tədqiqi və emalı sahəsində aparılan elmi tədqiqatların inkişafında və milli kadrlar hazırlanmasında bir çox tanınmış rus alimləri öz töhfələrini veriblər. Onların arasında Lev Qurviç, Nikolay Zelinski, Sergey Namyotkin, Matvey Kapelyuşnikov, İvan Qutt, Viktor Qerr, Nikolay Çernojukov, Aleksandr Quxman, Konstantin Kostrin və başqalarının adlarını qeyd etmək olar. Hazırda institutda elmi məktəb yaratmış və dünya miqyasında elmi uğurları ilə tanınmış akademiklər Musa Rüstəmov, Məhərrəm Məmmədyarov, Vaqif Abbasov, AMEA-nın müxbir üzvləri Fəzilə Səmədova, Hafiz Əlimərdanov, Ziyafəddin Əsədov və onlarca elmlər doktoru fəaliyyət göstərir. Bu alimlərin fundamental tədqiqatları sayəsində yeni elmi istiqamətlərin bünövrəsi qoyulub, ölkəmizə dəyərli töhfəsini vermiş neft emalı, neft kimyası sahəsində mütəxəssislər, kimyaçı texnoloqlar məktəbi yaranıb.

Elm və təhsil 2019-10-08 12:22:00