×
A
A
A
Sazlamalar

Əqli Mülkiyyət Agentliyi ölkəmizin innovasiya sahəsində reytinqinin hesablanması sahəsində ÜƏMT ilə əməkdaşıq edəcək

Bakı, 8 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərin Assambleyasının Cenevrə şəhərində keçirilən 59-cu sessiyasında iştirak edir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində İdarə Heyətinin üzvü Sənan Tapdıqov ÜƏMT-nin İqtisadiyyat və statistika bölməsinin baş iqtisadçısı Saşa Vunş-Vincent ilə görüşüb.
S.Tapdıqov dayanıqlı və rəqabətqabiliyyətli milli iqtisadiyyatın qurulması məqsədilə ölkə rəhbərliyinin həyata keçirdiyi geniş islahatlar proqramı, bu islahatların real fayda verməsi barədə danışıb, onların sistemli şəkildə uzunmüddətli perspektivə yönəldiyini bildirib. Ölkədə biznes mühitinin təkmilləşdirilməsi istiqamətində atılan addımlardan söz açan Agentliyin rəsmisi qeyd edib ki, bunun nəticəsində sahibkarlığın inkişafına mənfi təsirlər aradan götürülür, inzibati amillər effektiv idarəçiliyi təmin edəcək səviyyəyə qədər minimallaşdırılır, ardıcıl olaraq iqtisadi tənzimləmə mexanizmləri, o cümlədən daha sadə və şəffaf vergi siyasəti vasitəsilə tətbiq edilir. S.Tapdıqovun sözlərinə görə, bu siyasətin nəticələri, o cümlədən beynəlxalq reytinqlərdə əks olunur.
Bununla yanaşı, o bildirib ki, bəzən belə reytinqlərin qiymətləndirmə metodologiyalarının, onların hansı mənbələrə, meyarlara və göstəricilərə əsasən hazırlanması təəccüb doğurur. Bu mənada S.Tapdıqov diqqəti cari ildə nəşr olunmuş “Qlobal İnnovasiya İndeksi–2019” hesabatına yönəldib. Belə ki, həmin hesabatda Azərbaycan ilə bağlı məlumatlar reallığı tam düzgün əks etdirməyib, bəzi indekslərdə kəskin fərqlər olduğu açıq görünməkdədir.
Öz növbəsində S.Vunş-Vincent Azərbaycanın bu hesabata diqqətlə yanaşmasını yüksək qiymətləndirib və növbəti hesabatın hazırlanmasında məlumatların dürüst mənbələrdən əldə edilməsi üçün əməkdaşlığın vacib olduğunu bildirib. O, ilkin olaraq Azərbaycanın innovativ inkişaf sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri ilə videokonfrans keçirilməsinı, daha sonra isə Bakıda bu mövzuda dəyirmi masanın təşkil olunmasını təklif edib.
Görüşdə innovasiyaların inkişafına təkan verə biləcək digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Qlobal İnnovasiya İndeksi” ÜƏMT, ABŞ-ın Kornell Universiteti və İNSEAD Biznes Məktəbi tərəfindən hazırlanır və müxtəlif indikatorlar əsasında 130-a qədər ölkənin reytinqini müəyyən edir.

Elm və təhsil 2019-10-08 12:10:00