×
A
A
A
Sazlamalar

“GəncLİK” proqramının açılış mərasimi keçirilib YENİLƏNİB VİDEO

Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Bakı Konqres Mərkəzində “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) proqramının açılış mərasimi keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılır.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən agentliyin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin gənclər siyasətinə xüsusi önəm verdiyini vurğulayıb, ölkəmizdə bu sahədə uğurlu dövlət siyasətinin təmin edildiyini diqqətə çatdırıb. O, bildirib ki, “GəncLİK” proqramı, o cümlədən müxtəlif istiqamətlərdəki digər layihələr gənclərin hərtərəfli inkişafını dəstəkləməklə onların yeni bilik və bacarıqlar əldə etməsinə imkan verir. Agentliyin sədri qeyd edib ki, “GəncLİK” proqramı üçün daxil olan 1000 müraciətdən yalnız seçim meyarlarına uyğun gələn 321 gənc növbəti mərhələdə test imtahanında iştirak şansı qazanıb. Test imtahanı, videomüraciət və müsahibə mərhələlərini isə 30 gənc uğurla başa vuraraq “GəncLİK” proqramında iştirak hüququ qazanıb.
“Həmin proqram müəyyən keyfiyyətlərə cavab verən gənclərin daha məqsədyönlü şəkildə təcrübə proqramından keçməsini ehtiva edir. Cari ilin oktyabr-dekabr aylarını əhatə edəcək proqramın yekununda iştirakçıların inkişafının qiymətləndirilməsi aparılacaq. Sonra gənclər 2 ay ərzində profilə uyğun olaraq aparıcı şirkətlər, beynəlxalq təşkilatlarda və innovativ idarəetmə üsulları tətbiq edilən yerli qurumların rəhbər şəxslərinin yanında təcrübə keçəcəklər. Bu, ona imkan verir ki, daha təcrübəli, peşəkar və dövlət xidmətlərinə cəlb olunmaq üçün lazımi kriteriyalara malik olan gənclər sonradan dövlət qulluğuna cəlb edilsinlər”, - deyə agentliyin sədri qeyd edib.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycanda gənclər siyasətinin prioritet istiqamətlərdən olduğunu və ölkə başçısının bu sahəyə xüsusi diqqət ayırdığını qeyd edib. O, diqqətə çatdırıb ki, bu gün Azərbaycan gəncliyi ölkə başçısının qayğısı ilə tam əhatə olunub və agentlik ilə birgə həyata keçirilən “GəncLİK” proqramı gənclərimizdə liderlik keyfiyyətlərinin dövlətçilik maraqlarına uyğun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli proqramlardandır.
F.Cəfərov, həmçinin qeyd edib: “Proqram çərçivəsində gənclərin müxtəlif dövlət qurumlarında təcrübə keçməsi və sonda öz fərdi layihələrini həyata keçirmək üçün təşkilatçılar tərəfindən maliyyə dəstəyi ilə təmin olunması nəzərdə tutulub. Burada məqsəd seçilmiş xüsusi gənclərin fərdi inkişafına dəstək verməkdən ibarətdir. Ölkə başçısı tərəfindən həyata keçirilən dövlət gənclər siyasətində gənclərə təhsil, məşğulluq, sahibkarlıq və digər sahələrdə hərtərəfli dəstəyin verilməsi əsas prioritet istiqamətlərdəndir. Bu zaman həm paytaxt, həm də bölgələrdə yaşayan gənclərin fərdi inkişafı xüsusi əhəmiyyət kəsb edir. Proqram gənclərin fərdi şəkildə inkişaf etməsi, onlara əlavə bilik və səriştələrin verilməsi baxımından önəmlidir. Proqramın tədris müddəti üç ay təşkil edəcək. Bundan sonra onlar bir ay müddətində ödənişli təcrübə proqramlarına yönləndiriləcəklər. Təcrübə proqramının sonunda gənclərin karyeralarında müəyyən irəliləyişin olması gözlənilir”.
Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev belə proqramların gənclərin bilik və səriştələrinin artırılması istiqamətində rolundan danışıb. Nazir müavini ölkə başçısının müvafiq Sərəncamı ilə təsis olunan “Yüksəliş” müsabiqəsindən də bəhs edib. F.Hacıyev müsabiqənin məqsədinin intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək olduğunu diqqətə çatdırıb.
Sonra gənc liderlər - Türkan Şahvələdli, Sənan Cəfərov, Ülviyyə Bayramova çıxış ediblər.
Tədbirdə, həmçinin gənc liderlərə və “GəncLİK” proqramına dair videoçarxlar nümayiş olunub, seçilən gənclərə iştirakçı paketləri təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.

 

Sosial 2019-10-08 12:00:00

Video