×
A
A
A
Sazlamalar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil müəssisəsinin həmyaşıdı olan Tarix fakültəsinin 100 illik yubileyinə həsr edilən “Azərbaycanın ictimai-siyasi həyatında Bakı Dövlət Universitetinin Tarix fakültəsinin yeri və rolu” mövzusunda Respublika elmi konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru Elçin Babayev Prezident İlham Əliyevin elmə, təhsilə xüsusi önəm verdiyini bildirib. Rektor BDU-nun Tarix fakültəsinin yaranma tarixi və inkişaf mərhələlərindən danışıb.
BDU-nun 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlərin davamı kimi təşkil olunan konfransın əhəmiyyətini qeyd edən rektor onun işinə uğurlar arzulayıb.
Tarix fakültəsinin dekan əvəzi İbrahim Zeynalov konfransın keçirilmə proseduru barədə məlumat verib və “Bakı Dövlət Universitetinin təşəkkülü və Tarix fakültəsi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi Tarix fakültəsinin Azərbaycanın ictimai-siyasi həyatında rolundan danışıb.
Sonra Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun “Tarixi tədqiqatlarda dövlətçilik ideologiyası” mövzusunda məruzəsi dinlənilib.
BDU-nun professoru, Milli Məclisin deputatı Fəzail İbrahimli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) professoru, siyasi elmlər doktoru Elçin Əhmədov, DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova və digər çıxış edənlər BDU-nun elm və təhsilimizin inkişafında müstəsna xidmətlərindən bəhs ediblər.
Konfrans işini “Azərbaycan xalqının milli sərvəti – Bakı Dövlət Universiteti”, “100 yaşlı Tarix fakültəsi”, “Tarixi araşdırmalar”, “Bakı Dövlət Universitetində yüksəkixtisaslı kadr hazırlığı”, “BDU və Tarix fakültəsi tələbələrin gözü ilə” adlı bölmələrdə davam etdirib. Konfransa respublikanın müxtəlif ali təhsil və elmi müəssisələrindən, o cümlədən Türkiyə və Ukraynadan çoxsaylı tezislər daxil olub.

Elm və təhsil 2019-10-08 11:54:00