Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Pencak-silat üzrə Azərbaycan millisi açıq Avropa çempionatına hazırlığı davam etdirir VİDEO

Bakı, 7 oktyabr, AZƏRTAC

Pencak-silat üzrə Azərbaycan milli komandası oktyabrın 11-dən 15-dək Hollandiyada təşkil olunacaq açıq Avropa çempionatına hazırlığı davam etdirir.
AZƏRTAC xəbər verir ki, çempionatda ölkəmizi 11 idmançı təmsil edəcək. Böyüklərin mübarizəsində Abdulla Abdullazadə, Avropa çempionu Elxan Cəfərov, qitə birinciliyinin qalibi və dünya çempionatının gümüş medalçısı Rəsul Hümbətli, dünya kubokunun gümüş mükafatçısı Bəxtiyar Həmidov, Avropa çempionu Seymur Xəlilov, Rumiyə Vəliyeva və Lalə Mikayılova medallar uğrunda yarışacaqlar. Gənclərin yarışında isə Xalid Əfəndiyev, Rəvan Abdullazadə, Cavidan Abdullazadə və üçqat Azərbaycan çempionu Fidan Əlizadə birincilik uğrunda mübarizə aparacaqlar.
Pencak-silat üzrə Azərbaycan milli komandasının baş məşqçisi Abbas Hümbətov idmançılarımızın yarışa ciddi hazırlaşdıqlarını və yığmanın üzvlərinin ümidlərimizi doğruldacaqlarını vurğulayıb.
Qeyd edib ki, əvvəlcə yarışa ancaq Avropa ölkələrinin qatılması nəzərdə tutulurdusa, daha sonradan digər qitələrdən olan idmançıların da iştirakına icazə verilib. Ardıcıl neçə ildir ki, Azərbaycan yığması qitə birinciliyində qızıl medalların sayına görə birinci olur. Bütün bunlar komandamızın gücündən xəbər verir. Açıq Avropa çempionatı olduğu üçün ən böyük rəqiblərimiz - Vyetnam, İndoneziya, Malayziya, Sinqapur və Tailand idmançıları da yarışda güclərini sınayacaqlar. Bu ölkələrin əsas heyətlə qatılacağını nəzərə alsaq, çempionatın gərgin idman mübarizəsi şəraitində keçəcəyini indidən demək olar. Rəqiblərin görüşlərini analiz etmişik və idmançılarımızla bu barədə fikir mübadiləsi aparmışıq. Qeyd etməliyəm ki, Azərbaycan idmançıları da güclü rəqib kimi qəbul olunurlar.
Abdulla Abdullazadə, Elxan Cəfərov və Rəsul Hümbətlinin mükafatçılar sırasında yer alacağına daha çox ümid bəsləyən baş məşqçi vurğulayıb ki, onların üçü də titullu idmançılardır.
Turnirə hazırlığın yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran Avropa çempionu Seymur Xəlilov bildirib: “Məşqçimizin verdiyi tapşırıqları layiqincə yerinə yetirmişik. Düşünürəm ki, çempionata tam hazırıq. Açıq Avropa çempionatının gərgin idman mübarizəsi şəraitində keçəcəyini bilirəm. Çünki yarışda dünyanın ən güclü idmançıları iştirak edəcəklər. Ötən Avropa çempionatında qızıl medal qazanmışdım. Hollandiyada da bu uğuru təkrarlayıb himnimizi səsləndirməyi çox istərdim. Əsas hədəfim isə 2020-ci ildə Sinqapurda keçiriləcək dünya çempionatında qızıl medal qazanmaqdır”.
Yeddi ildir pencak-silatla məşğul olan qitə birinciliyinin qalibi və dünya çempionatının gümüş medalçısı Rəsul Hümbətli hazırlığın intensiv davam etdiyini vurğulayıb: “Çıxış edəcəyim 60-65 kiloqram çəki dərəcəsində ən güclü idmançılardan biri hollandiyalıdır. Bundan əlavə, İndoneziya, Fransa və Türkiyə idmançıları da favoritlər arasındadırlar. Fransa idmançısı ilə 2017-ci ildə Bakıda təşkil olunan Avropa çempionatında üz-üzə gəlmişəm və finalda onu məğlub edərək qitə birinciliyinin qalibi olmuşam. Ümid edirəm ki, Hollandiyadakı yarışda uğurla çıxış edib üçrəngli bayrağımızı dalğalandıracağıq”.
Avropa çempionatında ilk dəfə çıxış edəcək Lalə Mikayılova əsas rəqiblərinin Hollandiya, İndoneziya, Almaniya və Fransa idmançılarının olduqlarını deyib: “Açıq Avropa çempionatı mənim üçün çox məsuliyyətli və vacib yarışdır. Federasiya tərəfindən bizim üçün hər cür şərait yaradılıb. Mən də çempionatda uğurla çıxış edib xalqımızı sevindirmək istəyirəm”.
Avropa çempionu və dünya çempionatının gümüş medalçısı Elxan Cəfərov da məşqlərin plana uyğun davam etdiyini vurğulayaraq qeyd edib: “Məşqlərimiz həm fiziki, həm də texniki yöndə davam edir. Hollandiyaya ancaq qızıl medal qazanmaq üçün gedirəm. Komandamızda güclü idmançılar yer alıblar. Yarımfinal və final görüşlərində əsasən rəqiblərimiz İndoneziya, Malayziya, Vyetnam, Bruney və Sinqapurdan olurlar. Ancaq biz də zəif deyilik. Millimizdə yetərincə titullu idmançılar yer alıblar.
Qeyd edək ki, millimiz açıq Avropa çempionatından sonra noyabrın 21-24-də Moskvada təşkil olunacaq dünya çempionatında qüvvəsini sınayacaq.

İdman 2019-10-07 17:17:00

Video