Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Azəriqaz” 7 rayonda müxtəlif xidmətlər üzrə 1262 müraciətə baxıb

Bakı, 7 oktyabr, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi 7 rayonda müxtəlif xidmətlər üzrə 1262 müraciətə baxıb.
Birlikdən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz”ın Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin mühəndisləri səyyar “ASAN xidmət”i başa vurublar. Sentyabrın 2-dən 7 rayonda qəbul edilən vətəndaş müraciətlərinin statistikası hazırlanıb. Birliyin mühəndisləri Balakən, Beyləqan, Şəmkir, Cəlilabad, Ağcabədi və İsmayıllıda “ASAN avtobus”, Qazaxda isə “ASAN qatar” vasitəsilə yeni quraşdırılmış smart-kart tipli sayğacların kartlarının verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, təbii qazın alqı-satqısı barədə müqavilənin bağlanması və digər xidmətlər üzrə 1262 müraciətə baxıblar. Abonentləri daha çox 375 halda təbii qazın alqı-satqısı barədə müqaviləyə dair məsələlər maraqlandırıb. Bundan başqa, 200 müraciət yeni quraşdırılmış smart-kart tipli sayğacların kartlarının verilməsi, 240 müraciət abonent məlumatlarında dəyişikliklərin edilməsi, 447 müraciət isə digər məsələləri əhatə edib. Ən çox səyyar “ASAN xidmət”i 5 saylı “ASAN avtobus” vasitəsilə Şəmkirdə (263 müraciət) baş tutub.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Prezident Administrasiyasının birgə təsdiq etdiyi illik qrafikə əsasən, xüsusi formatda tərtib olunmuş qatar və avtobuslarda vətəndaşlara tələb olunan xidmətlərin “ASAN səyyar” xidməti vasitəsilə göstərilməsini təmin etmək məqsədilə “Azəriqaz” İB-nin mühəndisləri də müvafiq qrafik üzrə bölgələrə ezam olunurlar.

Neft - qaz 2019-10-07 15:54:00