×
A
A
A
Sazlamalar

Bu ilin doqquz ayında əlilliyi olan şəxslər 20 minə yaxın reabilitasiya vasitəsi ilə təmin edilib

Bakı, 7 oktyabr, AZƏRTAC
Bu ilin doqquz ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 6 min 336 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib. Onlardan 750 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 809 əlil arabası, 873 aşağı və yuxarı ətraf, habelə döş protezi, 970 aşağı və yuxarı ətraf ortezi, 4417 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 429 korset, 530 cüt protez ayaqqabı, 2728 cüt ortopedik ayaqqabı, 516 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər, həmçinin 1911 qoltuqaltı və dirsəkaltı ağac, 956 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.
Ümumilikdə, 2019-cu ilin yanvar-sentyabr aylarında Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə 19998 reabilitasiya vasitəsi verilib, 506 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.

Sosial 2019-10-07 12:47:00