Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Paytaxt məktəblərində maarifləndirici seminarlara başlanılıb

Bakı, 7 oktyabr, AZƏRTAC 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində maarifləndirici seminarlara start verilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, Təlimə Dəstək Mərkəzi tərəfindən keçirilən seminarlarda məktəblərin pedaqoji kollektivləri, Vll-Xl sinif şagirdləri və valideynlər iştirak edirlər.
Seminarlar “Yeniyetməlik yaş dövrünün xüsusiyyətləri, problemləri”, “Valideyn-övlad münasibətləri”, “Valideyn məktəb əməkdaşlığı”, “Fərdi yanaşma müəllim-şagird münasibətlərində başlıca prinsip kimi” mövzularına həsr olunur. Seminar çərçivəsində şagirdlərə hədəfi düzgün təyin etmək, məqsədə çatmaq, özünə inamı artırmaq, həyəcanı dəf etmək, özünənəzarəti və özünütərbiyəni gücləndirmək məsələlərinə toxunulur. Seminar iştirakçıları ilə yeniyetməlik dövrünün çətinlikləri mövzusunda fikir mübadiləsi aparılır, müvafiq tövsiyələr verilir.
Şagirdlərin öz məqsədlərinə çatmaları üçün nə qədər iddialı olduqlarını yoxlamaq, o cümlədən sinifdə komanda ruhunun səviyyəsini müəyyənləşdirmək məqsədilə şagirdlər arasında müxtəlif oyunlar da keçirilir. Həmçinin peşə seçimi ilə bağlı məktəblilərlə söhbət aparılır.
Valideynlər ilə keçirilən seminarlarda isə uşaqların erkən inkişaf dövründə aldıqları psixoloji travmaların onların növbəti yaş böhranlarında müxtəlif pozuntulara səbəb olma riskinin artması ilə bağlı maarifləndirici söhbətlər aparılır. Görüşlərdə valideyn və şagirdləri maraqlandıran suallara aydınlıq gətirilir.
Seminarların tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulur.

Elm və təhsil 2019-10-07 10:41:00