Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Tanınmış aktyor Möylə Mirzəliyevin 60 illiyi səhnədə qeyd olunub

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyası təqdim olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dəfə səhnə əsəri teatrın tanınmış aktyoru Möylə Mirzəliyevin 60 illik yubileyi münasibətilə nümayiş edilib.
Tamaşadan öncə aktyorun həyat və yaradıcılığı barəsində Akademik Musiqili Teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova tamaşaçılara məlumat verib.
39-cu dəfə göstərilən tamaşada M.Mirzəliyev Qəzənfər rolunu canlandırıb və öz yubiley günündə onunla yanaşı, sənət dostları - Əməkdar artist Novruz Qartal, Çingiz Əhmədov, Nahidə Orucova, aktyorlar – Elxan İsmayılov, Elçin İmanov, Hüseyn və Gültac Əlililər, Mehriban Zalıyeva, Ülviyyə Əliyeva, Əmrah Dadaşov, Əliməməd Novruzov, Telnaz Hüseynova , Şaban Cəfərov, Elçin İmanov, Fərid Rzayev, Rəsmiyyə Nurməmmədova, Gülnarə Abdullayeva, Gülçöhrə Abdullayeva, Gülnarə Əzizova, Güldanə Əzimova, Nigar Qarayeva və kiçik yaşlı aktyor Rahib Məmmədzadə də çıxış ediblər.
Teatrla kinonun sintez edildiyi, adət və ənənələrimizin, xüsusilə Bakı kəndlərinin özünəməxsus koloritinin ustalıqla əks olunduğu səhnə əsərinin quruluşçu-rejissoru, Xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Əməkdar artistlər – Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur.

Teatr və kino 2019-10-06 21:18:00