Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İsmayıllı Peşə Tədris Mərkəzində maarifləndirici tədbir keçirilib

Bakı, 5 oktyabr, AZƏRTAC

İsmayıllı Peşə Tədris Mərkəzinin, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək”, “Erkən nikahın fəsadları” və “Yol hərəkətinin təhlükəsizliyi” mövzularında maarifləndirici tədbir keçirilib.
Peşə Tədris Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan direktor Zaur Muradov narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işləri aparılmasının vacibliyini vurğulayıb. Rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə verdiyi fəsadlardan bəhs edib. Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru Rahim Orucov qeyd edib ki, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyub, dövlətçiliyimizi daha da möhkəmləndirmiş olarıq.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı rayon nümayəndəsi Lətifə Əliyeva bildirib ki, erkən nikahlar dünyaya gələn uşaqlara, ümumilikdə ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərir.
İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəis əvəzi Əkbər Musayev tədbir iştirakçılarına küçə və yollarda təhlükəsizlik vərdişləri haqqında danışıb.
Tədbirdə narkomaniyanın törətdiyi fəsadlar haqqında qısametrajlı film nümayiş etdirilib.
İştirakçılara İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanılıb.

Elm və təhsil 2019-10-05 17:52:00