Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Elmi xülasə: insanların qlobal fəlakətdən xilası yolları və asteroidlərdən gələn təhlükə real ola bilər

Bakı, 5 oktyabr, AZƏRTAC 

Planetimizin sürətlə qlobal fəlakətlərə doğru irəliləməsi, habelə pandemiyalar və biotexnologiyaların inkişafı nəticəsində süni patogenin insan növünü təhdid etməsi fonunda bəşəriyyətin xilası yolları alimləri düşündürən əsas problemlərdən biridir.
AZƏRTAC BBC telekanalının saytında yerləşdirilmiş elmi xülasəyə istinadla xəbər verir ki, Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri bu ehtimallarla bağlı bir neçə strategiya təklif ediblər. Onlar bəzi hallarda elmi-fantastik romanları xatırlatsa da, elm adamları hesab edirlər ki, artıq insanlıq bu problemlərin bir çoxu ilə üz-üzədir. Tədqiqatda iştirak edən tibb statistikası sahəsində mütəxəssis Nik Uilson bildirib ki, biotexnologiyalar sahəsində yeni kəşflər süni patogenin insan növünü təhdid etməsinə gətirib çıxaracaq. Alim əlavə edib: “Pandemiya nəticəsində təhlükəli virus daşıyıcıları milli sərhədləri aşaraq sürətlə bütün dünyaya yayılsa da, lazımi elmi-texniki biliklərə malik olan bir qrup insan tənha adada məskunlaşaraq insan nəslini və sivilizasiyanı xilas edə bilər”.
Alimlər təkcə yaşayış səviyyəsi yüksək olan 250 mindən çox insanın yaşadığı planetin okeanlarla əhatə olunmuş ərazilərini deyil, həm də kifayət qədər təbii və enerji resurslarını nəzərdən keçiriblər. Bundan başqa, siyasi və sosial sabitlik, coğrafi mövqe və iqlim şəraiti kimi amillər də nəzərə alınıb. Nəticədə, 0-1 cədvəli üzrə 20 ölkədən ibarət siyahı tərtib edilib. Qeyd olunub ki, ada ölkələri Avstraliya (0,71), Yeni Zelandiya (0,68) və İslandiya (0.64) qlobal pandemiya fəlakəti zamanı insanlar üçün sığınacaq rolunu oynaya və yeni sivilizasiyanı yarada bilərlər. Bu qəbildən olan digər ölkələr – Yaponiya, Barbados, Kuba, Fici və Yamayka daha az bal toplayıblar. Tədqiqatçılar istisna etmirlər ki, onların metodologiyası bir sıra nöqsanları ehtiva edə bilər ki, gələcəkdə bu çatışmazlıqları aradan qaldırmaq olar. Həmin elmi qrupun əvvəlki tədqiqatları göstərib ki, pandemiya fəlakəti zamanı bu ada dövlətlərinin öz sərhədlərini bağlaması daha ağıllı addım olacaq.
“Risk Analysis” beynəlxalq jurnalında dərc olunmuş tədqiqatın nəticələrinə görə, yadplanetlilərin kosmosdan bizi izləməsi variantı da istisna oluna bilməz. Bu fərziyyə məşhur amerikalı fizik Ceyms Benford tərəfindən irəli sürülüb. İdeya ifrat ekzotik görünsə də, son zamanlar yerdən kənarda olan idrak (SETI) problemi ilə maraqlanan alimlər arasında mübahisələrə səbəb olub. Hələ 1960-cı ildə Stenford Universitetinin radiofiziki Ronald Breysuell iddia etmişdi ki, yadplanetli sivilizasiyaların nümayəndələri bizim qalaktikanı, o cümlədən Yer kürəsini öyrənmək üçün avtonom ulduzlararası zondlardan istifadə edə bilərlər. Onun qənaətinə görə, yaxınlıqda yerləşən bu cür zond milyon illər müddətində planetimizi müşahidə etmək qabiliyyətinə malikdir. Lakin Yerin ətrafında belə aparatın olması barədə heç bir sübut yoxdur.
Bunun üzərindən 58 il keçdikdən sonra Ceyms Benford həmin yadplanetli müşahidəçilərin Günəş sistemində gizlənəcəyi yerlə bağlı yeni fərziyyə irəli sürüb. Onun sözlərinə görə, bu gizli sığınacaq Günəşin ətrafında fırlanan və Yerin orbitinə yaxın olan asteroidlər ola bilər. Onlar vaxtaşırı planetimizə yaxınlaşır və Yerin qravitasiyasının təsirinə məruz qalırlar. “2016 NOZ” adlanan asteroid isə NASA tərəfindən “Yerin daimi peyki” adlandırılıb. O, bizim planetin ətrafında olur və heç vaxt ondan aralanmır. Benford təklif edib ki, alimlər bu cür asteroidlərin elektromaqnit spektrini öyrənsin və onlara avtomatik zondlar göndərilsin. Çin artıq yaxın 10 il ərzində “2016 NOZ” asteroidinin səthinə kosmik zond göndərməyi planlaşdırır.

Elm və təhsil 2019-10-05 16:59:00