×
A
A
A
Sazlamalar

Əcnəbilərin səmərəli inteqrasiyasının mühüm aspektləri müzakirə edilib

Bakı, 5 oktyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin Bakı regional miqrasiya idarəsində “Əcnəbilərin səmərəli inteqrasiyasının mühüm aspektləri” mövzusunda ictimai müzakirə keçirilib. Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın dəstəyi ilə təşkil olunan tədbir “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiya edilməsi istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində reallaşıb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, ictimai müzakirənin, o cümlədən icra olunan layihənin məqsəd və vəzifələri barədə ətraflı məlumat verən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov əcnəbilərin təyinat ölkəsində yerli cəmiyyətə inteqrasiyasının vacibliyini vurğulayıb. Şura sədri bildirib ki, ölkə ərazisində məskunlaşan əcnəbilərin yerli cəmiyyətə tam şəkildə inteqrasiya olunmaları məhz əlverişli şəraitin yaradılması ilə əlaqədardır.
Xidmətin miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi rəisinin müavini vəzifələrini müvəqqəti icra edən, kiçik miqrasiya xidməti müşaviri Kəyan Hacıyev əcnəbilərin inteqrasiyası ilə əlaqədar təmsil etdiyi mərkəzi icra hakimiyyəti orqanının həyata keçirdiyi fəaliyyətlər, xüsusilə də bu təşkilatın qurumlararası əlaqələndirmə, beynəlxalq tərəfdaşlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığının inkişafı istiqamətində səyləri barədə məlumat verib. Qurum rəsmisi bildirib ki, əcnəbilərin inteqrasiyası bir çox məsələlərlə yanaşı həm də güclü qanunvericilik bazasının olmasını tələb edir ki, bu istiqamətdə də mühüm addımlar atılır, xüsusilə dövrün tələblərinə uyğun qanunvericiliyin daima təkmilləşdirilməsi istiqamətində mühüm işlər yerinə yetirilir.
Tədbirdə “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyinin sədri Leyla Hüseynovanın layihənin perspektivləri barədə məruzəsi dinlənilib, fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı iştirakçıların səsləndirdikləri suallar və aktuallığı ilə səciyyələnən məsələlər DMX-nin əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

Sosial 2019-10-05 16:29:00