Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Bakı, 5 oktyabr, AZƏRTAC

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ilk olaraq tədbir iştirakçıları Fəxri xiyabanda görkəmli şəxsiyyət, böyük alim-pedaqoq Cəlal Əliyevin məzarını ziyarət ediblər. AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova Cəlal Əliyevlə bağlı xatirələrini bölüşüb, onun ciddi və tələbkar müəllim olması ilə yanaşı, yetirmələrinə qayğıkeş, mehriban və səmimi münasibət göstərməsini də vurğulayıb.
Qeyd olunub ki, müəllimlik dünyada ən çətin, eyni zamanda, ən şərəfli və ən gözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli və nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirirlər. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib, müəllim haqqında xoş sözlər söyləyib. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşıb, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalıb.
İnstitutda davam edən tədbirdə AMEA-nın müxbir üzvü, professor İbrahim Əzizov, biologiya üzrə elmlər doktoru Yaşar Feyziyev, biologiya üzrə fəlsəfə doktoru Samirə Rüstəmova, təhsil şöbəsinin baş mütəxəssisi Qənfilə Bayramova və magistrlər müəllimlər haqqında ürək sözlərini söyləyib və onları təbrik ediblər.

Elm və təhsil 2019-10-05 16:03:00