Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Zoologiya İnstitutu kompleks tədqiqatlara daha çox üstünlük verir

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası relyefinin, iqlim şəraitinin, torpaq və bitki örtüyünün müxtəlifliyi onun özünəməxsus heyvanlar aləmini formalaşdırıb. Azərbaycanın zəngin heyvanlar aləminin öyrənilməsinin iki əsrdən çox tarixi var. XX əsrin əvvəllərinə qədər Azərbaycan faunasını ancaq gəlmə, əcnəbi alimlər öyrənirdi. Azərbaycanın heyvanlar aləminin hərtərəfli, planauyğun, sistemli tədqiqi məqsədilə 1932-ci ildə SSRİ Elmlər Akademiyasının (EA) Zaqafqaziya Filialının Azərbaycan şöbəsinin tərkibində quru və su faunası seksiyalarından ibarət Zoologiya bölməsi yaradılıb. SSRİ EA-nın Azərbaycan filialı Rəyasət Heyətinin qərarı ilə 1936-cı il martın 1-də Zoologiya bölməsinin bazasında Zoologiya İnstitutu təşkil edilib.
Hazırda Zoologiya İnstitutunda 1 akademik, 1nəfər akademiyanın müxbir üzvü, 11 elmlər doktoru və 73 fəlsəfə doktoru işləyir. İnstitutda aparılan tədqiqatlarla yaxından tanış olmaq məqsədilə AZƏRTAC-ın müxbiri bu elmi müəssisədə olub.
Təbiətdə hər şey bir-biri ilə sıx bağlıdır. Ayrıca götürülmüş bir elementin öyrənilməsi istənilən nəticəni vermir. Tədqiqat obyektini ekoloji mühitlə birlikdə kompleks şəkildə öyrənməklə daha çox informasiya əldə etmək olur. Zoologiya İnstitutu da dünya elmində gedən tendensiyalarla ayaqlaşaraq kompleks tədqiqatlara daha çox üstünlük verir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. O bildirib ki, kompleks araşdırmalar zamanı ətraf mühitin tədqiqat obyektinə təsiri özünü daha aydın şəkildə göstərir. Bununla da tədqiq olunan canlını təbiətin mənfi təsirlərindən qorumağın yolları və istiqamətlərini müəyyənləşdirmək olur.

Multidissiplinar tədqiqatların uğurlu nəticələri

Elman Yusifov qeyd edib ki, dünyada multidissiplinar tədqiqatlara xüsusi önəm verilir. AMEA-nın Rəyasət Heyəti tərəfindən akademiyanın institutları qarşısında dünya elminə, müasir elmi istiqamətlərə inteqrasiya, o cümlədən multidissiplinar tədqiqatların təşviqi kimi hədəflər qoyulub. İnsanlar elmləri müxtəlif sahələrə bölüblər. Ümumilikdə götürdükdə təbiət elmləri vahiddir. Əvvəllər də bu elmlər vahid şəkildə öyrənilib. Lakin sonradan əldə olunan məlumatlar o qədər mürəkkəbləşdi ki, onlar müxtəlif sahələrə bölündü. Artıq informasiya cəmiyyətində yaşayırıq. Əldə olunan məlumatların emal texnologiyasının yüksək inkişaf sürəti elmləri kompleks şəkildə öyrənmək zərurətini yaradıb. Bu məqsədlə Zoologiya İnstitutunda multidissiplinar tədqiqatlara başlanılıb. Həşəratlar üzərində aparılan multidissiplinar təcrübə uğurlu nəticə göstərib. Belə ki, yırtıcı həşəratlar digər həşəratlarla qidalanır. Lakin bu yırtıcı həşəratlar tək deyil, onların rəqibləri də var.
Elman Yusifov vurğulayıb ki, institutda riyazi qrup yaradılıb. Qrupun zooloqlarla birgə fəaliyyəti sayəsində qida uğrunda mübarizə və ətraf mühitin buna təsiri faktoru modelləşdirilib, prosesin riyazi modeli hazırlanıb. Bu modeldən alınan nəticələri institutun entomoloqları təcrübədə tətbiq edirlər. Riyazi modelin üstünlüyü ondan ibarətdir ki, bu model təkcə həşəratlar üçün deyil. Onu balıqlara, quşlara, yəni müxtəlif zooloji tədqiqatlara tətbiq etmək olar.
Müsahibimiz bildirib ki, institutun alimləri tərəfindən ilk dəfə olaraq hörümçəkkimilərin də trofik rəqabət əlaqələrinin qeyri-xətti diferensial tənliklərlə riyazi modeli qurulub. Model yüksək adekvatlıq göstərib. İnstitutun əməkdaşlarının tədqiqat işlərinin nəticəsi olaraq “Hörümçəkkimilərin növlərarası rəqabət münasibətlərinin say dinamikasının riyazi modeli” məqaləsi impakt faktorlu “Riyazi modelləşdirmə”(Matematiçeskoye modelirovaniye) jurnalında dərc edilib.
Kompleks tədqiqatlar məqsədilə AMEA Rəyasət Heyətinin qərarına əsasən, Zoologiya İnstitutu, Coğrafiya İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Geologiya və Geofizika İnstitutu və Neft-Qaz İnstitutunun, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bioloji müxtəlifliyin qorunması departamentinin əməkdaşlarının birgə iştirakı ilə Xəzər dənizinin Azərbaycan hissəsinin adalarına 3 ekspedisiya təşkil edilib. Ekspedisiyada adaların flora-fauna, landşaft, vulkanizm, relyef, torpaq örtüyü və s. ilk dəfə kompleks şəkildə tədqiq olunub.
Elman Yusifov vurğulayıb ki, Xəzər dənizinin Azərbaycan hissəsinin adalarında aparılan kompleks tədqiqatlar böyük əhəmiyyət kəsb edir. Çünki bizim ərazimiz materikdə yerləşir. Materikdəki canlıların coğrafi, geoloji, tarixi şəraitdə yerdəyişməsi məlumdur. Lakin adalardakı canlılar ya külək, ya uzaq məsafə qət edə bilən canlılar, ya da insanlar vasitəsilə yayılır. Ona görə də adalarda yaranan bioloji müxtəlifliyi, onun təkamül və inkişafını öyrənmək və materikdəki canlılarla müqayisə etmək elmi əhəmiyyət daşıyır. Ekspedisiyalar zamanı maraqlı nəticələr əldə etdik. Hazırda həmin nəticələrin emalı üzərində işlər gedir.

Heyvanların ekologiyası laboratoriyası yaradılması planlaşdırılır

Elman Yusifov məlumat verib ki, gələcəkdə institutun strukturunda da yeniliklər gözlənilir. Belə ki, yaxın zamanlarda Heyvanların ekologiyası laboratoriyası yaradılması planlaşdırılır. Heyvanlarla bağlı elmi tədqiqat aparılarkən onların hər hansı növü götürülür və təcrid olunmuş şəkildə öyrənilir. Ancaq aparılan tədqiqatın daha dolğun olması üçün onu yaşadığı mühitlə əlaqəli şəkildə tədqiq etmək lazımdır. Heyvanların ekologiyası laboratoriyasında heyvanlar yaşadıqları mühitdə öyrəniləcək. Onların digər heyvanlarla münasibəti, yaşadığı təbii şərait, relyef, iqlim kompleks şəkildə öyrəniləcək. Bu laboratoriyanın yaradılması ilə institut fundamental zooloji tədqiqatlardan imtina etmir. Tədqiqatlar paralel şəkildə aparılacaq.

Zoologiya İnstitutunda paleontoloji tədqiqatlar aparılır

İnstitutun direktoru bildirib ki, əvvəlki geoloji dövrlərdə yaşamış, sonradan mühitin dəyişməsi nəticəsində məhv olmuş canlıların qalıqlarının tədqiqi əsasında onların hansı dəyişikliklərə məruz qaldığını öyrənmək məqsədilə paleontoloji tədqiqatlar aparılır. Azərbaycan paleontoloji qalıqlar muzeyidir. Ölkəmizin ərazisində zəngin paleontoloji qalıqlara malik Qoşqar faunası, Binəqədi faunası, Abşeron faunası var. Bu faunalar həm qiymətli təbiət abidəsidir, həm də maraqlı tədqiqat obyektidir. Azərbaycanda böyük paleontoloji təbiət abidələri var. Təxminən 40-50 min il əvvəl bizim bu ərazilərimiz okeanın dibi olub. Şahdağın 2000 metr yüksəkliyində balıqqulağına rast gəlinir. Burada hətta dişli, dişsiz balinalar da olub. Lakin sonradan qəfil çəkilmələr baş verib. Balinalar buranı tərk edə bilməyib və lilin altında qalaraq daşlaşıb. Belə bir abidə Bakı ətrafındakı Pirəküşkül kəndində tapılmışdı, hazırda Təbiət Tarixi Muzeyində saxlanılır.
O vurğulayıb ki, ötən əsrin əvvəllərində Azərbaycanın güclü paleontoloqları olub. Lakin son 50 ildə bu ənənə itib. Biz bu ənənəni yenidən bərpa etməyə çalışırıq. İtirilmiş ənənəni, məktəbi, imici qaytarmaq üçün biz AMEA-nın dəstəyi ilə Paleozoologiya laboratoriyası yaratdıq. Laboratoriyaya gənc mütəxəssislər cəlb etmişik. Onlar mütəmadi olaraq əməkdaşlıq etdiyimiz xarici mütəxəssislərlə fikir mübadiləsi aparırlar.

Bioloji müxtəlifliyin qorunması üçün mühüm addımlar atılır

Elman Yusifov diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Fəaliyyət Planı” çərçivəsində Zoologiya İnstitutunda işlər davam etdirilir, bu sahədə mühüm addımlar atılıb. Azərbaycanda adları “Qırmızı kitab”a düşmüş və nəsli kəsilməkdə olan heyvanların süni şəkildə çoxaldılması istiqamətində institutda intensiv iş gedir. Qafqaz və Zümrüdü qırqovulların çoxaldılması məqsədilə optimal variantların əldə olunması üçün tədqiqatlar aparılıb. Qəfəs və volyer şəraitində qırqovul balalarının inkişaf dinamikası izlənilib. İnstitutun Tətbiqi Zoologiya Mərkəzində onlar süni şəkildə çoxaldılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əldə olunan razılığa əsasən, süni şəkildə çoxaldılmış Qafqaz qırqovullarını və boz kəklikləri 2020-ci ilin mart ayında təhvil verəcəyik, yəni onları öz oylaqlarına, yaşadıqları ərazilərə ötürəcəyik.
Elmi müəssisənin rəhbəri vurğulayıb ki, ölkəmizdə nəsli kəsilməkdə olan heyvanların çoxaldılması məsələsinə xüsusi diqqət ayrılmalıdır. Azərbaycanda “Qırmızı kitab”ın I nəşri 1989-cu ildə çap olunub. Kitaba nəsli kəsilmək təhlükəsi olan 42 məməli növü, 71 quş növü, 5 balıq növü, 16 amfibi və 14 reptili növü, 40 həşərat növü olmaqla ümumilikdə 188 heyvanın adı daxil edilib. “Qırmızı kitab”ın II nəşri 2013-cü ildə çapdan çıxıb. Bura 223 növ heyvanın adı daxil edilib. Fərq çox böyükdür. İki kitabın nəşri arasındakı 23 il ərzində əlavə olaraq 35 heyvan nəsli kəsilmək təhlükəsi altında qalıb. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının “Qırmızı kitab”ının hər 10 ildən bir çap olunması nəzərdə tutulub. Üçüncü nəşrdə bizi nə gözləyəcəyini bilmirik. Çalışırıq ki, “Qırmızı kitab”a yeni növlər daxil olmasın. Çünki bu, ürəkaçan vəziyyət deyil. Ümidvaram ki, Tətbiqi Zoologiya Mərkəzi bu sahədə uğurlu addımlar atacaq.
Elman Yusifov məlumat verib ki, institutun Quru onurğalıları laboratoriyasının elmi işçisi Sevinc Rəcəbovanın “Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların səmərəli qorunması üçün müasir təbiəti mühafizə avadanlıqlarından (GPS xaltalar) istifadə olunması” əsərinə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik şəhadətnaməsi verilib. Əsər quşları daha yaxşı öyrənmək və onların yerini daha dəqiq müəyyən etmək üçün onların lələkləri arasına (boynuna və ya kürəyinə) hər bir quşun ölçüsünə uyğun siqnal verən kiçik cihazlar olan GPS xaltalar yerləşdirib onların verdiyi siqnallara əsasən daha dəqiq nəticə əldə etməyə həsr olunub.
İnstitutun direktorunun fikrincə, GPS xaltalardan istifadə olunması sayəsində Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların biologiyasını, həyat tərzini öyrənmək, onların nəslinin kəsilməməsi və qorunması istiqamətində tədbirlər planı hazırlamaq üçün bu əsər faydalı olacaq.

Kənd təsərrüfatında bioloji mübarizə üsulundan istifadəyə imkan yaradılır

Elman Yusifov söhbət zamanı daha bir aktual məsələyə toxunub. O diqqətə çatdırıb ki, hazırda bütün dünyada kənd təsərrüfatında məhsuldarlıq getdikcə azalır. Bu proses ölkəmizdən də yan keçmir. Bunun müxtəlif səbəbləri var - torpağın yorulması, iqlim dəyişmələri və s. Səbəblərdən biri, bəlkə də ən vacibi tozlandırıcı həşəratların sayının azalması, onların məhv olmasıdır. Kənd təsərrüfatında ziyanvericilərə qarşı istifadə edilən herbisidlər, pestisidlər tozlandırıcı həşəratların, böcəklərin məhvinə səbəb olur, nəticədə məhsuldarlıq azalır. Tətbiqi Zoologiya Mərkəzində ziyanvericiləri məhv edən həşəratlar çoxaldılır. Bununla da kənd təsərrüfatında bioloji mübarizə üsulundan istifadəyə imkan yaradılır. Bioloji mübarizə üsulunda ziyanvericilərlə qidalanan həşəratlar, böcəklər çoxaldılır və ehtiyac olan sahələrə buraxılır. Ümid edirəm ki, gələcəkdə kənd təsərrüfatında ziyanvericilərə qarşı dərmanlarla deyil, bioloji mübarizə aparılacaq.
Müsahibimiz qeyd edib ki, kənd təsərrüfatında istifadə olunan dərmanlar təkcə faydalı həşəratları öldürməklə qalmır, havanı, torpağı, torpaq vasitəsilə hoparaq qrunt sularını zəhərləyir. Sonda bütün bu pis nəticələr insanlara təsir edir.

Zoologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

İnstitut uğurlu tədqiqatlar aparmaq üçün beynəlxalq əməkdaşlığı genişləndirir. 2019-cu ilin iyun ayında ABŞ-ın “EcoHealth Alliance” (EHA) təşkilatı ilə əməkdaşlıq protokolu imzalanıb. “EcoHealth Alliance” canlı təbiətin və ictimai sağlamlığın mühafizəsini həyata keçirən qlobal qeyri-kommersiya təşkilatıdır. Təşkilat 40 ildən artıqdır ki, yaranan zoonoz xəstəliklər və qlobal sağlamlıq imkanlarının artırılması üzrə 30-dan çox ölkədə yerli tərəfdaşlarla elmi tədqiqat işləri həyata keçirir.
Protokola əsasən, bu ilin sentyabr ayında Azərbaycanda yayılmış yarasalarda zoonoz xəstəliklərin tədqiqi ilə bağlı üçillik (2019-2021) çöl tədqiqatlarının ilk mərhələsi həyata keçirilib.
Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyası əməkdaşlarının bilavasitə iştirakı ilə aparılan tədqiqatların koordinatoru biologiya üzrə fəlsəfə doktoru, yarasalar üzrə ekspert Nicat Həsənovdur. AZƏRTAC-ın müxbiri daha ətraflı məlumat almaq üçün söhbəti Nicat Həsənovla davam etdirib.
Nicat Həsənov bildirib ki, heyvanlar aləminin müxtəlif aspektləri (ekologiyası, sistematikası, morfofiziologiyası, əhəmiyyəti və s.) ilə yanaşı, bu və ya digər növün təbiətdə hər hansı xəstəliyin potensial sahibi, daşıyıcısı və ya keçiricisi olub-olmamasını araşdırmaq dövrümüzün aktual məsələlərindən biridir. Bununla bağlı araşdırmaların xüsusilə koloniya şəklində yaşayan və insanlarla təmasda ola biləcək heyvanlar üzərində (gəmiricilər və yarasalar) aparılması daha vacibdir.

Azərbaycanın müxtəlif regionlarında yarasalar faunası mütəşəkkil şəkildə tədqiq ediləcək

Nicat Həsənov qeyd edib ki, parazit (endo, ekto və s.) xəstəlikləri ilə bir arada virus xəstəliklərinin potensial olaraq qeydə alına biləcəyi dəstələrdən biri də yarasalardır. Məsələn, quduzluq virusu yarasalarda da qeydə alınıb. Son onillikdə elmə məlum olan “Yaxın Şərq Respirator Sindromu” (MERS) virusunun Səudiyyə Ərəbistanı ərazisində yayılan bəzi yarasa növləri ilə əlaqədar olması yarasalar dəstəsini zoonoz xəstəliklərinin tədqiqi baxımından potensial obyektə çevirib.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, yarasalarda virus xəstəliklərinin tədqiqi üzrə Avropanın bir sıra qabaqcıl ölkələrində, ABŞ-da çox maraqlı araşdırmalar aparılır. Yarasalar faunasının zənginliyi ilə fərqlənən Qafqaz regionu, o cümlədən Azərbaycan bu maraq sahəsindən kənarda deyil. ABŞ-ın “EcoHealth Alliance” təşkilatı, 2017-ci ildə Qərbi Asiya Yarasalar üzrə Elmi-Tədqiqat Şəbəkəsini (WAB-Net) təsis edib. “WAB-Net” Qərbi Asiya ölkələrində yarasa mütəxəssislərinin, ekoloqların, milli səhiyyə nümayəndələrinin daxil olduğu elmi-tədqiqat şəbəkəsidir və onun ümumi missiyası regionun canlı təbiətindən (yarasalardan) yoluxucu xəstəliklər üzrə elmi məlumatları inkişaf etdirmək üçün transsərhəd elmi əməkdaşlığa və məlumatların bölüşdürülməsinə şərait yaratmaqdır. Azərbaycan da bu şəbəkənin tərəfdaşları sırasındadır.
Nicat Həsənov məlumat verib ki, tədqiqatlar zamanı heyvanlara zərər vurmadan müvafiq nümunələr (peyin, tüpürcək, qan, DNT analizi üçün biopsiya materialı) götürülüb, ümumi qəbul olunan standart zooloji üsullarla heyvanların ölçülməsi, təyinatı aparılıb və sonra yarasalar yenidən təbiətə buraxılıb.
“EcoHealth Alliance” ilə əməkdaşlığın digər mühüm cəhəti institutun gənc kadrlarının heyvanlarda, xüsusilə yarasalarda virus xəstəliklərinin tədqiqi məqsədilə ilkin materialların toplanma metodları və növbəti etaplarda isə nümunələrin laboratoriya şəraitində təhlili üzrə beynəlxalq təcrübənin əldə edilməsidir.
Nicat Həsənov bir məqamı da qeyd edib ki, üçillik layihə zamanı həm də Azərbaycanın müxtəlif regionlarında yarasalar faunası mütəşəkkil şəkildə tədqiq ediləcək və bir sıra növlərin taksonomik durumunun müasir üsullarla öyrənilməsinə şərait yaranacaq.

Elm və təhsil 2019-10-05 15:47:00