Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

UNEC-in “Professorlar Klubu”nda Vahid Əzizlə görüş

Bakı, 5 oktyabr, AZƏRTAC 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Professorlar klubu”nda Xalq şairi, tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Əzizlə görüş keçirilib. UNEC-dən AZƏRTAC-a bildirilib ki, klubun rəyasət heyətinin sədri, Maliyyə və maliyyə institutları kafedrasının müdiri, professor Əvəz Ələkbərov Vahid Əzizin yaradıcılığından söz açıb. Qeyd edib ki, Azərbaycan ədəbiyyatında xüsusi mövqeyi, üslubu ilə seçilən, eyni zamanda, nəğməkar şair kimi sevilən Vahid Əzizin yaradıcılığında Vətəninə, dövlətinə və xalqına sevgi önəmli yer tutur.
UNEC-də olmaqdan məmnunluğunu bildirən Xalq şairi professorlarla görüşün böyük məsuliyyət tələb etdiyini və xoş ovqat yaratdığını bildirib. Vahid Əziz həyat və yaradıcılığından, əsərlərinin yaranma tarixçəsindən danışıb. O, ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, Ulu Öndərin ədəbiyyata böyük qayğısından, şair və yazıçılara verdiyi dəyər və diqqətdən söz açıb.
Müasir ədəbiyyatın problemlərinə də toxunan Vahid Əziz müəllif-oxucu münasibətlərinin hazırkı vəziyyətini, perspektivlərini şərh edib, sualları cavablandırıb, şeirlərini səsləndirib.
Sonda Xalq şairi 50 illik yaradıcılığının bəhrəsi olan “Səninlə...” kitabını UNEC-in kitabxanasına, şeirlərinə bəstələnən mahnılardan ibarət diskləri isə “Professorlar klubu”nun üzvlərinə hədiyyə edib.

Elm və təhsil 2019-10-05 13:20:00