×
A
A
A
Sazlamalar

Azərbaycan Tibb Universiteti Belarusun Qrodno Dövlət Tibb Universiteti ilə əməkdaşlıq edəcək

Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Tibb Universiteti (ATU) 90 il ərzində topladığı zəngin təcrübəni, əldə etdiyi nailiyyətləri paylaşmağa hazırdır.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikir universitetin rektoru, professor Gəray Gəraybəyli ilə Belarusun Qrodno Dövlət Tibb Universitetinin nümayəndələri arasında keçirilən görüşdə səsləndirilib.
Rektor Belarusun aparıcı ali məktəblərindən biri olan Qrodno Dövlət Tibb Universiteti ilə əlaqələrin formalaşdırılması və inkişafı üçün lazımi addımların atılmasına hazır olduğunu bildirib.
G.Gəraybəyli qeyd edib ki, iki ali məktəb arasında əlaqələrin qurulması və bir çox sahələrdə əməkdaşlıq üçün münbit şərait var. Çünki Azərbaycan və Belarus arasında vətəndaşların gediş-gəlişi üçün viza tələb olunmur, insanlar ortaq dildə danışa bilir ki, bu da tələbə, rezidentlərin mübadiləsi ilə yanaşı, master klasların təşkilinə, ortaq elmi araşdırmaların aparılmasına imkan yaradır.
Qrodno Dövlət Tibb Universitetinin müalicə işi üzrə prorektoru, dosent Vitali Şişko iki gün ərzində ATU-nun klinikalarında yaradılan vəziyyətlə tanış olduqlarını, xeyli məlumat və bilik əldə etdiklərini bildirib. Rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verən prorektor indiyədək Rusiya, Moldova, Polşa və digər ölkələrin universitetləri ilə əlaqələrin formalaşdığını, onlar arasında ATU-nu da görməkdən məmnun olacağını diqqətə çatdırıb.
Görüşdə Qrodno Dövlət Tibb Universitetinin laboratoriya rəhbəri Mixail Kurbat, ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov, beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev iştirak ediblər. Görüşdə gələcək əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparılıb.

Səhiyyə 2019-10-05 12:51:00