Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yazı müsabiqəsi: Təşəkkür edirəm, müəllimim

Bakı, 5 oktyabr, AZƏRTAC

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Mərkəzi və Şərqi Avropa üzrə Frankofoniya Universitet Agentliyi “Təşəkkür edirəm, müəllimim!” adlı yazı müsabiqəsi elan edir.
Azərbaycan Dillər Universitetindən AZƏRTAC-a bildirilib ki, müsabiqə fransız dili müəllimlərini, eyni zamanda, fransız dilində digər fənləri tədris edən müəllimlərin fəaliyyətlərini qiymətləndirmək, Mərkəzi və Şərqi Avropa üzrə Frankofoniya Universitet Agentliyinin üzv universitetlərində müəllimlərin dəyərini artırmaq, tələbələrin fransız dilində yazı bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.
Müsabiqədə Mərkəzi və Şərqi Avropa üzrə Frankofoniya Universitet Agentliyinin üzv universitetlərinin bakalavr tələbələri iştirak edə bilərlər. Müsabiqə iştirakçıları publisistik üslubda, bir A4 həcmində ən çox sevdiyi fransız dili müəllimi və yaxud universitetdə fransız dilində digər fənlərdən dərs deyən müəllimlərindən birinin insani və peşə keyfiyyətlərindən bəhs edən məqalə yazıb göndərməlidir.
Müsabiqədə iştirak üçün tələblər:
Publisistik üslubda (bir A4 həcmində, Arial 11, interval 1) məqalə yazıb göndərmək;
Sevdiyiniz müəlliminiz ilə birlikdə çəkilmiş bir ədəd şəkil;
Tələbə vəsiqəsi və ya universitet qeydiyyat vəsiqəsini və onların fransız dilində tərcüməsini əlavə etmək.
Məqaləni və şəkli noyabrın 11-dək [email protected] elektron poçtuna göndərmək (elektron məktubda mövzu hissəsinə “Təşəkkür edirəm, müəllimim!” - yaradıcı yazı müsabiqəsi yazmaq lazımdır.
Ən yaxşı məqalə münsiflər heyəti tərəfindən seçiləcək.
Seçilmiş məqalənin müəllifi və fransız dili və ya fransız dilində tədris edən müəllimi Frankofoniya Universitet Agentliyinin təklif etdiyi hədiyyə ilə mükafatlandırılacaq.
Məqalələrin hamısı və ya bir hissəsi Frankofoniya Universitet Agentliyinin “Facebook” səhifəsində və saytında yayımlanacaq.
Qaydalar:
Məqaləni yazan tələbələrin müəllif hüququ qorunur;
Məqalə fərdi yazılmalıdır;
Şəkil keyfiyyətli olmalıdır (300 dpi);
Məqalə fransız dilində yazılmalıdır;
Məqalə üçün seçilmiş müəllim Mərkəzi və Şərqi Avropanın üzv universitetlərində işləməlidir;
Şəkil və məqalə [email protected] elektron poçtuna göndərilməlidir.
Qeyd edək ki, Azərbaycan Dillər Universiteti dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən və 850-dən çox universiteti birləşdirən genişmiqyaslı Frankofoniya Universitet Agentliyi şəbəkəsinin üzvüdür. Universitetdə Frankofoniya Mərkəzi fəaliyyət göstərir.

Elm və təhsil 2019-10-05 11:39:00