Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Sevinc Budaqova: Müəllimlərə göstərilən etimadı doğrultmaq üçün əzmlə çalışacağıq

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycanda son illər elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı şəhərindəki 46 nömrəli tam orta məktəbin direktoru Sevinc Budaqova deyib.
“Təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar müəllim nüfuzunu daha da artırıb. Müəllimlərə göstərilən etimadı doğrultmaq üçün əzmlə çalışacağıq ki, təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsinə, ölkəmizin gələcəyi üçün savadlı gənclər yetişdirilməsinə öz töhfələrimizi verək”, - deyə Sevinc Budaqova qeyd edib.
Xatırladaq ki, oktyabrın 3-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə bir qrup təhsil işçisi “Tərəqqi” medalı ilə təltif olunub. Onların arasında Bakı şəhərinin 46 saylı tam orta məktəbinin direktoru Sevinc Budaqovanın da adı var. Sevinc Budaqova 2012-ci ildə isə Prezidentin Sərəncamına əsasən “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Elm və təhsil 2019-10-05 11:36:00