×
A
A
A
Sazlamalar

Hər könüldə yerin var...

Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda “Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində 5 oktyabr - Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanının dövlət himni səsləndikdən sonra tədbir layihə çərçivəsində müalicə alan leykemiyalı uşaqlar haqqında çəkilən videoçarxın nümayişi ilə başlanıb.
Tədbirdə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru, tibb üzrə fəlsəfə doktoru Zöhrə Əlimirzəyeva müəllim peşəsinin müqəddəsliyi və şərəfi, elm və ürfan yolunda ömrünü şam kimi əridən müəllim əməyinin nəcibliyi haqqında danışıb. Onun verdiyi məlumata görə, müalicə alan və distant təhsilə qoşulmaq istəyən şagirdlər üçün hər cür şərait yaradılıb, onlara təhsil verilməsi üçün müvafiq İKT avadanlıqları ilə təmin edilib, müəllim, şagird və valideynlər üçün təlimlər təşkil olunub. Dərslərdə ümumilikdə elektron resurslar, elektron dərsliklər və video dərslərdən istifadə edilir.
İnstitutun hematologiya şöbəsinin müdiri Gülbəniz Quliyeva, şöbənin elmi rəhbəri Mireldar Babayev, uşaq hematologiyası şöbəsinin müdiri Gülnarə Hacıyeva və başqaları gələcək nəslə elm və bilik öyrədən müəllim əməyinin çətinliyi haqqında bəhs ediblər. Qeyd olunub ki, leykemiyalı uşaqların tədrisi ilə məşğul olmaq pedaqoqlardan xüsusi səbir və məsuliyyət tələb edir. Ona görə də çıxış edənlər stasionar şəraitdə müalicə alan həmin uşaqlarla işləmək bacarığı nümayiş etdirən müəllimləri təbrik edib, onlara öz təşəkkürlərini bildiriblər.
Sonra layihə çərçivəsində müəssisədə müalicə alan uşaqlar müəllimləri söylədikləri şeirlərlə təbrik edib, onlara hədiyyələr bağışlayıblar.

Səhiyyə 2019-10-04 18:02:00