Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

ÜƏMT-in Baş direktoru: Azərbaycanın əqli mülkiyyət sisteminin inkişafı düzgün istiqamətdədir

Bakı, 4 oktyabr, AZƏRTAC
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərliyi ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərin Assambleyasının Cenevrə şəhərində keçirilən 59-cu sessiyasında iştirak edən nümayəndə heyətinin ÜƏMT-in Baş direktoru Frensis Qarri ilə görüşü keçirilib.
Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Kamran İmanov Azərbaycanın ÜƏMT çərçivəsində fəaliyyətlərə aktiv cəlb olunduğunu qeyd edərək, doktor Frensis Qarriyə daim Agentliklə təmasda olduğuna və ÜƏMT tərəfindən təşkilata zəruri kömək göstərilməsinə görə minnətdarlığını bildirib.
Azərbaycanda əqli mülkiyyət sahəsində mövcud vəziyyət barədə məlumat verən Agentliyin sədri vurğulayıb ki, ölkə rəhbərliyinin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində əqli mülkiyyət sisteminin yeni strukturu formalaşıb, Agentlikdə Kommersiyalaşdırma və texnologiyalara dəstək mərkəzinin yaradılması üzrə işlər başa çatmaqdadır, müəlliflik hüququ sahəsində rəqəmsal hüquqların idarəedilməsi mexanizmi yaradılıb.
Kamran İmanov bildirib: “Bizim üçün xüsusi əhəmiyyət kəsb edən mövcud milli patent qanunvericiliyinin yenidən hazırlanmasıdır və ölkəmiz yaxın gələcəkdə Patent Hüququ Müqaviləsinə (PLT) qoşulmağı planlaşdırır. Həmçinin ÜƏMT ilə birgə işlənilən startapların, spinautların yaradılması layihəsi istiqamətində çox mühüm işlər görülüb, o cümlədən onlara vergi preferensiyalarının verilməsi məsələsində. Hətta iş o yerə çatıb ki, biz, demək olar, hər ay startaplarla əlaqəli sərgilər keçiririk”.
O vurğulayıb ki, bu xoş ənənənin əsası ÜƏMT-də qoyulub, ilk dəfə olaraq biz burada təşkil olunan sərgidə öz startaplarımızı təqdim etmişik.
Agentliyin rəhbəri əlavə edib ki, gündəlikdə ÜƏMT ilə əməkdaşlığın yeni aspektləri durur: “Birincisi, bizim üçün patent qanunvericiliyinin bütövlükdə təkmilləşdirilməsi maraqlıdır. Biz hesab edirik ki, patent və müəlliflik qanunvericilikləri qarşılıqlı əlaqədə inkişaf etməlidir. Bunun əksi olaraq, patent qanunvericiliyində hüquq sahibinin razılığı olmadan təqdim edilən iddia sənədinin açıqlanması kimi ziddiyyətli məqam mövcuddur. Yaxud müvəqqəti qorunma anlayışı ilə bağlı ziddiyyətin olması: onun aradan götürülməsi üçün Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasının retrospektiv üsulu tətbiq edilə bilərdi”.
“Bununla yanaşı, bizim üçün ÜƏMT çərçivəsində süni intellektin tətbiqi məsələsi ilə bağlı əldə olunmuş müsbət təcrübə böyük maraq doğurur. Biz bu təcrübədən bəhrələnmək istərdik və bunun üçün birgə tədbirin keçirilməsini təklif edirik. Burada bizi maraqlandıran əsas məsələlərdən biri süni intellektin tətbiqinin qanunvericilik təminatıdır. Bununla bağlı biz ÜƏMT tərəfindən bu gün dünyada mövcud yanaşmaların icmalının təqdim edilməsinə görə minnətdar olardıq”, - deyə o fikrini tamamlayıb.
Kamran İmanov çıxışına davam edərək deyib: “Biz həmişə ÜƏMT tərəfindən həyata keçirilən yeni və perspektiv işlərin və mövzuların fərqindəyik və həmin mövzulardan biri olan “Əqli mülkiyyət və mobil aplikasiyalar” mövzusunu ÜƏMT ilə birgə Azərbaycanda təşkil olunacaq dəyirmi masada müzakirə etmək istərdik”.
Frensis Qarri fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə Kamran İmanova təşəkkürünü bildirib və onun təkliflərini nəzərdə tutaraq Agentliyin rəhbərinin “həmişəki kimi qabaqcıl mövqedə” olduğunu qeyd edib. O, Azərbaycan nümayəndə heyəti başçısının Baş Assambleyanın plenar iclasında çıxışının əqli mülkiyyət sahəsinin ən ümdə məsələlərinin müasir qoyuluşunu əhatə etdiyini vurğulayıb və bu çıxışa yüksək dəyər verdiyini ifadə edib.
Kamran İmanovun patent və müəllif hüquqlarının qarşılıqlı əlaqədə inkişaf etdirilməsi fikrinə toxunan Frensis Qarri vurğulayıb ki, əqli mülkiyyət sistemi dəyişikliklər dövrünü yaşayır və Azərbaycanın bu dəyişikliklərə adekvat mövqeyi “düzgün istiqamətdir”.
Süni intellekt məsələsinə dair ÜƏMT-in Baş direktoru bildirib ki, bu məsələ ilə əlaqədar hərtərəfli araşdırmalar nəticəsində müvafiq sənəd layihəsi hazırlanaraq, cari ilin noyabr ayının əvvəllərində geniş ictimaiyyətə çatdırılacaq və hər kəsin təklifləri üçün açıq olacaq. “Azərbaycanın da bu prosesdə iştirakından çox məmnun olardıq”, - deyə o qeyd edib.
Mobil aplikasiyaların müasir dövrdə bütün sahələri əhatə etdiyini deyən Frensis Qarri bu məsələnin çox maraqlı və kifayət qədər mürəkkəb olduğunu bildirib.
Görüşdə ÜƏMT-ə üzv ölkələrin hər biri üçün əhəmiyyətli olan təşkilatın Katibliyində təmsilçilik məsələsi də müzakirə edilib. Bununla əlaqədar, Frensis Qarri Kamran İmanovun Azərbaycanın bu strukturda təmsil olunması təklifinə müsbət yanaşıb və bildirib ki, bununla əlaqədar yaxın zamanlarda qərar qəbul edəcək.
Tərəflər ÜƏMT-in Baş Assambleyasının gündəliyində olan cari məsələlər ətrafında da müzakirələr aparıblar.
Görüşdə Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov da iştirak edib.

Elm və təhsil 2019-10-04 11:42:00