Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Çindəki Azərbaycan diasporunun nümayəndələri ADU-da olublar


Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çindəki Azərbaycan diasporunun nümayəndələri, millətlərarası Azərbaycan-Çin ailəsinin üzvləri ilə görüş keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Konfutsi İnstitutnun direktoru Rafiq Abbasov qonaqlara institutun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib.
Rafiq Abbasov ADU tələbələrinin Çinin aparıcı ali məktəblərində nəinki müvəffəqiyyətlə təhsil aldıqlarını, həm də Çinin tələbə gənclər həyatında fəal iştirak etdiklərini, Azərbaycanın tarixinə, mədəniyyətinə, siyasətinə və iqtisadiyyatına həsr olunmuş tədbirlərin müntəzəm təşkil olunduğunu, Çin ictimaiyyətini Azərbaycanın müasir, inkişafda olan, tolerant ölkə kimi Böyük İpək Yolu üzərində nailiyyətləri ilə tanış etdiklərini qeyd edib.
Qonaq Pərvanə Kazımova görüş iştirakçılarına özü haqqında məlumat verib. O bildirib ki, 10 ildən artıqdır Çində yaşayır. Burada magistratura və doktorantura pilləsində təhsil alıb. O, ailəsinin Çinin ictimai həyatında iştirakından, övladlarının həm Azərbaycan adət-ənənələri ruhunda tərbiyə olunmasından, həm də çinli həyat yoldaşının mədəni irsinə hörmətindən bəhs edib. Diqqətə çatdırıb ki, övladları Çin orta məktəbini bitirən Elcan və Elşən Kazımovlar dəfələrlə ölkənin televiziya musiqi müsabiqələrində və proqramlarında Azərbaycan və Çin dillərində mahnılar ifa ediblər.

Elm və təhsil 2019-10-03 21:01:00