Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Rusiya hökuməti MDB Şəbəkə Universitetinin yaradılması haqqında saziş layihəsini təsdiqləyib

Moskva, 3 oktyabr, AZƏRTAC

Rusiya hökuməti MDB Şəbəkə Universitetinin yaradılması haqqında saziş layihəsini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, layihənin MDB Hökumət Başçıları Şurasının iclasında imzalanacağı gözlənilir.
Şəbəkə Universiteti MDB ölkələrinin müvafiq meyarlara cavab verən ali məktəblərini birləşdirəcək. Rusiya Xalqlar Dostluğu Universiteti və MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşəbbüsü ilə yaradılan universitetə daxil olan təhsil müəssisələri birgə təhsil proqramından istifadə edəcək. Universitetdə ali təhsil ixtisasları və istiqamətləri üzrə kadrlar hazırlanacaq, elmi layihələr həyata keçiriləcək. Ali məktəbə Əlaqələndirmə Şurası rəhbərlik edəcək. Təhsil haqqı MDB ölkələrinin büdcəsində nəzərdə tutulmuş vəsait və ya fiziki və hüquqi şəxslərin, fondların hesabına ödənilə bilər.
Hazırda layihəyə digər ali məktəblərlə yanaşı, Bakı Slavyan Universiteti də daxildir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Elm və təhsil 2019-10-03 18:51:00