Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Akademik Məmməd Cəfər Cəfərov ədəbiyyat nəzəriyyəçisi” kitabı çapdan çıxıb

Bakı, 3 oktyabr, AZƏRTAC

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Akademik Məmməd Cəfər Cəfərov ədəbiyyat nəzəriyyəçisi” kitabı nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab Azərbaycan Respublikası Prezidentinin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli Sərəncamına əsasən çap olunub. “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş kitabın elmi redaktoru və “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. “Böyük ədəbiyyatşünaslığın ünvanı: akademik Məmməd Cəfər Cəfərov” başlıqlı irihəcmli “Ön söz”də ədəbiyyat nəzəriyyəsi elmi məktəbinin yaradıcısı, “baş cavidşünas”, “Füzuli düşünür” silsiləsinin müəllifi, ədəbiyyat tarixçiliyi elminin inkişafında xidmətləri olan akademik Məmməd Cəfər Cəfərovun bütün universallığı hərtərəfli şəkildə tədqiq edilib.
Kollektiv elmi-yaradıcılıq məhsulu olan 306 səhifəlik fundamental “Akademik Məmməd Cəfər Cəfərov ədəbiyyat nəzəriyyəçisi” kitabının tərtibçisı professor Tahirə Məmməddir. Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində yerinə yetirilən tədqiqatlar əsasında hazırlanan bu kollektiv monoqrafiyada akademik Məmməd Cəfər Cəfərovun yaradıcılığının nəzəri parametrləri, əsasını qoyduğu elmi konsepsiyalar və onların müasir elmi fikir üçün əhəmiyyəti araşdırılıb.
Sanballı tədqiqlərdən ibarət kitabda Tahirə Məmməd, Cavanşir Yusifli, Məhəmmədəli Mustafayev, Pərvanə İsayeva, Aqşin Dadaşzadə, Maral Yaqubova, Aslan Salmanov, Simuzər İsmayılova, Aysel Qurbanova, Jalə Qurbanqızı, Şəfa Əliyeva kimi müəlliflərin tədqiqatları yer alıb.

 

Elm və təhsil 2019-10-03 18:24:00