×
A
A
A
Sazlamalar

Ağstafada dini maarifləndirmə işində qadınların rolu mövzusu müzakirə edilib

Bakı, 2 noyabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib.
AZƏRTAC Dövlət Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova ölkədə sağlam mənəvi mühitin yaranmasına xidmət edən bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova dini maarifləndirmə işinin əhəmiyyəti və bu prosesdə qadınların rolundan danışıb. Bildirib ki, hər kəsin tərbiyəsi və ümumi dini bilgilərinin formalaşması birbaşa ailə ilə bağlıdır. Bu prosesin aparıcı qüvvələrindən biri də qadınlardır. Şöbə müdiri qeyd edib ki, gəncləri milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından qadınların üzərinə böyük məsuliyyət düşür. Qadınlar bilik və dünyagörüşünə əsaslanaraq övladlarını ailədə elə tərbiyə edib maarifləndirməlidirlər ki, onlar sərbəst həyata atıldıqda mənfi, milli-mənəvi dəyərlərimizə zidd, radikallığı təbliğ edən qüvvələrin təsirinə məruz qalmasınlar. Ölkəmizdə gedən proseslərdə, eləcə də dini radikalizmlə, xurafatla mübarizədə qadınları daha da fəal olmağa çağıran E.Kərimova cəmiyyətimizdə qadınların yüksək mövqeyə malik olduğunu diqqətə çatdırıb.
Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva konfrans iştirakçılarını sosial şəbəkələrdə radikal qrupların apardığı dini təbliğatın məqsədi, metodları barədə məlumatlandırıb. Vurğulayıb ki, gənclər və yeniyetmələrin sosial şəbəkədən istifadəsi geniş xarakter aldığına görə bu sahəyə daha çox diqqətin ayrılması zəruridir. Dini radikallar və ekstremistlər texnologiyanın son nailiyyətlərindən, xüsusən də elektron mediadan və sosial şəbəkələrdən öz çirkin əməlləri üçün geniş istifadə edirlər, cəmiyyətin, xüsusilə gənclərin duyğularını, inandığı dəyərləri hədəf alaraq baxış bucaqlarını dəyişdirməyə çalışırlar. Şöbə müdiri gəncləri bu kimi mənfi tendensiyanın təsirlərindən qorumaqda hər kəsin, o cümlədən qadınların, anaların aktivliyinin xüsusi önəm kəsb etdiyini diqqətə çatdırıb.
İkigünlük regional konfrans öz işini müzakirələrlə yekunlaşdırıb.

Din 2019-10-02 17:17:00