×
A
A
A
Sazlamalar

“Psixoaktiv maddələrdən sui-istifadə edən insanlarda əvəzedici terapiya, zərərin azaldılması və reabilitasiya“ mövzusunda seminar keçirilib

Bakı, 2 oktyabr, AZƏRTAC

Respublika Narkoloji Mərkəzinin təşkilatçılığı ilə “Psixoaktiv maddələrdən sui-istifadə edən insanlarda əvəzedici terapiya, zərərin azaldılması və reabilitasiya” mövzusunda seminar keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə 22 iyul 2019-cu il tarixli 1334 saylı Sərəncamının 4.3.Beynəlxalq tədbirlər bəndində Səhiyyə Nazirliyinin də icraçı olduğu 4.3.3. yarımbəndinin icrasını həyata keçirmək məqsədilə təşkil olunub.
Respublika Narkoloji Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, narkoloqlar, psixiatrlar və kliniki psixoloqlar, həmçinin mərkəz tərəfindən dəvət olunmuş Çexiya Respublikasının Neyropsixiatriya İnstitutunun kliniki addiktologiya, psixiatriya və əvəzedici müalicə fakültəsinin həkimi Vladimir Kmox iştirak ediblər.
Tədbirin ilk günü seminarın moderatoru Şəlalə Tahirli müstəqilliyimizin ilk illərindən başlayaraq ümummilli lider Heydər Əliyevin cəmiyyətimizin sağlam inkişafının vacibliyini vurğulayaraq söylədiyi dəyərli kəlamı ilə çıxışına başladı: “Narkomaniya və narkobizneslə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizədir”. Bildirilib ki, Ulu Öndərin bütün sahələr və istiqamətlər üzrə siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlərin icrası nəticəsində Azərbaycan dünya ölkələri arasında özünəməxsus yer tutub. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasət nəticəsində səhiyyə sistemi dinamik inkişaf edir. Azərbaycan vətəndaşlarının hər tərəfli tibbi xidmətlə təmin edilməsi dövlət başçısının daim diqqət və nəzarətindədir. Bu gün Azərbaycanda səhiyyənin inkişafına, bu sahədə əsaslı islahatların aparılması istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun dəstəyi ilə ölkəmizdə çoxlu sayda tibb ocaqları inşa olunub, mövcudları isə müasir səviyyədə yenidən qurulub.
İlham Əliyevin narkomaniya ilə mübarizədə hüquq-mühafizə orqanlarından konkret nəticələr tələb etməsi bu ümumbəşəri fəlakətin ölkəmizdə yayılması təhlükəsinə Azərbaycanın qətiyyətli mövqeyini əks etdirir. Dövlət başçısı tərəfindən bu sahə üzrə son 15 ildə 13 fərman, 56 sərəncam imzalanıb, Milli Məclis tərəfindən 38 qanun qəbul edilib, bir neçə Dövlət proqramı hazırlanıb.
Çexiyanın Azərbaycandakı səfirinin müavini Daniel Putik, Səhiyyə Nazirliyinin layihə əlaqələndirmə Bürosunun direktoru Yaşar Orucov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov tədbiri yüksək qiymətləndirərək iştirakçılara uğurlar arzulayıblar.
Vladimir Kmox “Metadon terapiyasının tarixi və alınmış uğurlu nəticələr”, “Opioidlərin əvəzedici terapiyası və zərərin azaldılması” və “Əvəzedici terapiyanın növləri” mövzularında təlimlər keçirdi.
Seminarın ikinci günü Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçeri-Lalen tədbirin əhəmiyyətindən, məqsədindən söz açdı. Bəşəriyyətin 11 sentyabr faciəsini də xatırladan direktor narkotiklərin satışından əldə edilən külli miqdarda gəlirin terrorçu qrupların yaradılmasına, terror təşkilatlarının fəaliyyətinə geniş meydan açmasını vurğuladı.
Vladimir Kmox “Opioidlərin əvəzedici terapiyası və zərərin azaldılması prinsipləri”, “Əvəzedici terapiyanın aparılmasında psixiatrın və digər mütəxəssislərin rolu” və “Əvəzedici terapiyanın ağırlaşmaları və onların müalicəsi” mövzularında məruzələr ilə çıxış etdi.
“Narkologiyada zərərin azaldılması proqramları” mövzusunda məruzə ilə Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Sona Xudaverdiyeva çıxış etdi.
Narkoloji Mərkəzin sosial işçisi Fidan Alışova və psixoloq Nərgiz Bağırova seminarda “Psixoaktiv maddə istifadəçilərinin sosial-psixoloji reabilitasiyası” mövzusunda məruzə ilə çıxış etdilər.
Seminarın sonuncu günü “Motivləşdirilmiş müzakirə və onun əvəzedici terapiyanı qəbul edən pasiyentlərin reabilitasiyasında rolu” və “Əvəzedici (metadon) terapiyanı qəbul edən pasiyentlərin reabilitasiyası” mövzuları ilə Vladimir Kmox tərəfindən tədbir davam etdi.
“Penitensiar sistemə əvəzedici (metadon) terapiyanın tətbiqi” mövzusunda Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Zamin Əliyev çıxış etdi.
Mövzu ilə bağlı müzakirə və sual-cavabdan sonra təlim öz işini başa çatdırdı. Təlim iştirakçılarına sertifikatlar təqdim olundu.
Seminar başa çatandan sonra iştirakçılar Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası ilə tanış olublar.

Səhiyyə 2019-10-02 12:33:00