×
A
A
A
Sazlamalar

Paytaxtda 7 ərazidə yerüstü və yeraltı piyada keçidləri tikilir VİDEO

Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakıda bir neçə yerdə yerüstü və yeraltı piyada keçidinin inşası aparılır. Hazırda isə paytaxtın 5 ərazisində piyada keçidləri inşa edilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu piyada keçidlərindən biri Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçididi. Keçidin tikintisi 75 faiz yerinə yetirilib.
Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində, “Şamaxı yolu” adlanan ərazidə yerüstü piyada keçidinin tikintisinin 80 faiz yerinə yetirilib. Qala-Pirallahı avtomobil yolunun 3,6-cı kilometrində yerüstü piyada keçidinin bünövrə və dayaq hissələrinin tikintisi başa çatdırılıb. Mərdəkan-Zuğulba yolunda yerüstü piyada keçidində isə hazırda aşırım hissəsinin yığılması zavod şəraitində aparılaraq yekunlaşdırılır. Xətai rayonunun Neapol küçəsindəki yerüstü piyada keçidinin tikinti işlərinin 65 faizi yerinə yetirilib.
Sözügedən piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olmaqla avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa olunur. Məqsəd piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etməkdir.
Piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində 1 ərazidə keçidin tikintisi yekunlaşıb, daha 2 ərazidə isə yeni keçidlərin tikintisinə başlanılıb.
Tikintisi yekunlaşmış piyada keçidi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü kilometrində Hökməli dairəsinin yaxınlığındadır. Keçidin eni 3 metr, yol səthindən hündürlüyü isə 5,5 metr təşkil edir.
Daha iki keçidin - Qaradağ rayonu ərazisində, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 39 və 49-cu kilometrində, Ümid qəsəbəsi və “Yol evi” yaşayış massivindəki keçidlərin inşasına başlanılıb. Yerüstü piyada keçidləri metal konstruksiyalı və üstü açıq olmaqla uzunluqları 51 metr, eni isə 4 metr olacaq. Keçidin dayaqlarının özül hissələri artıq tikilib.

 

Tikinti̇ 2019-09-30 13:02:00

Video